Əli Həsənov: “Avropa ilə əlaqələrimizə mənfi təsir göstərən məsələlər var”

Əli Həsənov: “Avropa ilə əlaqələrimizə mənfi təsir göstərən məsələlər var”

Bu gün Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun üzvlərinin Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşü olub. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun prezidenti Telman Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında Azərbaycanın daxili və xarici siyasətinin mövcud vəziyyəti və perspektivlərindən danışıb. O, Azərbaycanın eyni zamana regionda həyata keçirilən transmilli layihələrin gerçəkləşməsində mühüm ölkə olduğunu vurğulayıb.

Son illər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artdığını deyən Ə. Həsənov bildirib ki, Azərbaycan bu gün dünyanın əhəmiyyətli geosiyasi faktoruna çevrilib. O bildirib ki, 1994-cü ildən Azərbaycanda stabil vətəndaş cəmiyyəti yaradılıb, qonşularla stabil siyasi əlaqə xətti seçilib. PA-nın şöbə müdiri deyib ki, 1993-cü ildən bu yana Azərbaycan demokratik ölkələrə, Avropa ölkələrinə inteqrasiya xətti seçib və bunu hazırda da davam etdirir.

Azərbaycanın qonşu ölkələr və Avropa dövlətləri ilə yaxşı əlaqələrə malik olduğunu vurğulayan PA rəsmisi Avropa ilə əlaqələrdə müəyyən problemlərin olduğunu da diqqətə çatdırıb: "Avropa ilə əlaqələrimizə mənfi təsir göstərən məsələlər də var. Burada Avropa ölkələri ilə viza problemini, gömrük-keçid məsələsinin liberallaşdırılmasını və s. göstərmək olar. Bununla bağlı Azərbaycan prezidentinin tapşırığı var və müvafiq qurumlar bu istiqamətdə iş aparırlar".

Daha sonra Ə. Həsənova Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun fəxri üzvlüyünə dair sertifikat təqdim olunub. Sonda Ə. Həsənov klub üzvlərinin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə