Pakistan Senatının sədr müavini: “Xocalı soyqırımına dair qətnamənin qəbulunu mənəvi borc bilirik”

Pakistan Senatının sədr müavini: “Xocalı soyqırımına dair qətnamənin qəbulunu mənəvi borc bilirik”

Pakistan Senatında Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş qətnamə iki qardaş ölkə arasında mövcud olan münasibətlərin ruhuna cavab verir və bu sənədi qəbul etməyi özümüzə mənəvi borc bildik. SİA-nın xəbərinə görə, bunu Pakistan Senatının sədr müavini Mir Can Camali Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovla görüşündə deyib.

Görüşdə Senatın xarici əlaqələr komtəsinin, informasiya və yayım komitəsinin, qaydalar və imtiyazlar komitəsinin sədrləri, hakim Xalq Partiyasının baş katibi habelə senatın digər komitələrinin nümayəndələri də iştirak edib.

Səfir D.Şikarov fevralın 1-də Senat tərəfindən Azərbaycan torpaqlarının işğalı və Xocalı soyqırımını ittiham edən qətnaməni qəbul etdiklərinə görə minnətdarlığını bildirib.

Qeyd edilib ki, Senatın prinsipiallıq göstərərək qətnaməni qəbul etməsi Pakistanın haqq-ədalət tərəfdarı olmasının əyani sübutudur.

Sonra səfir, iki dost ölkə arasında mövcud münasibətlərdən söz açıb, Dağlıq Qarabağ məsələsi daxil olmaqla bütün məsələlərdə Pakistanın ölkəmizə indiyə kimi verdiyi dəstəyə görə tədbir iştirakçılarına təşəkkür edib.

M.C.Camali Pakistan və Azərbaycan arasında bütün sahələrdə geniş əməkdaşlıq edildiyini bildirib və əlaqələrin daha sürətlə inkişafının şahidi olacağını, gözəl nəticələr əldə edəcəyinə şübhəsi olmadığını deyib.

Senatın xarici əlaqələr komitəsinin sədriSəlim Seyfulla Xan Pakistanın daim Azərbaycanın yanında olduğunu və dəstəyini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Senatın qətnaməsindən söz açan natiq, digər ölkələrin də Azərbaycan torpaqlarının işğalına və Xocalı soyqırımına biganə qalmayaraq, Pakistan senatının qətnaməsindən nümunə götürmələrinin vacibliyini ifadə edib.

Qətnamənin təşəbbüskarlarından olan informasiya və yayım komitəsinin sədri senator Hacı Qulam Əli qəbul edilmiş sənədə həm hökumət, həm də müxalifətdən olan senatorların yekdilliklə səs verməsini xüsusi qeyd edib, bunun Pakistan xalqının Azərbaycan xalqına olan qardaşlıq münasibətinin təzahürü kimi qiymətləndirib.

Senatın qaydalar və imtiyazlar komitəsinin sədri senatorTahir Hüseyn MəşədiAzərbaycanı yaxından tanıdığını qeyd edib, Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlardan və xarici siyasətdə əldə etdiyi nailiyyətlərdən söz açıb.

Hakim Pakistan Xalq Partiyasının baş katibi senator Məhəmməd Cahangir Bader partiyasından olan senatorların qətnaməni tam dəstəklədiyini bildirib. O, Xalq Partiyası və Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq qurmaq və qarşılıqlı səfərlər etmək zəruriliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə