Ceyms Appaturay: \"Azərbaycan gələcəkdə də tranzit məsələsində NATO-nun etibarlı tərəfdaşı olacaq\"

Ceyms Appaturay: \"Azərbaycan gələcəkdə də tranzit məsələsində NATO-nun etibarlı tərəfdaşı olacaq\"

\"Azərbaycana Əfqanıstandakı sülhyaratma fəaliyyətinə görə təşəkkürümü bildirirəm və ölkənin bundan sonra da NATO-nun sülhyaratma əməliyyatlarında iştirak edəcəyinə əminəm\". SİA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə NATO ilə əlaqələrin inkişaf perspektivləri müzakirə olunduğunu deyən Ceyms Appaturay: "Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsinin NATO ilə əlaqələrin davam etdirilməsi və inkişafına sadiqliyini təsdiqləyib. Biz çox məhsuldar görüş keçirdik və əməkdaşlığı genişləndirmək niyyətimizi bir daha təsdiqlədik. Görüşdə Əfqanıstana yüklərin daşınmasında Azərbaycanın mühüm rolu qeyd edildi",- deyə bildirib.

Ceyms Appaturay Azərbaycan prezidentinin dəvət aldığı NATO-nun Çikaqo sammitində İSAF ölkələrinin nümayəndələri ilə görüşlər keçiriləcəyini deyib: "Biz artıq İPAP-ın üçüncü mərhələsinin icrasına dair saziş imzalamışıq. Azərbaycan-NATO əməkdaşlığının bütün sahələrinin qarşılıqlı maraqlara cavab verdiyinə əmin olmaq üçün bu məsələləri yaxın gələcəkdə də müzakirə edəcəyik".

NATO xüsusi nümayəndəsinin Bakıda keçirdiyi görüşlərdə Azərbaycandan keçməklə Əfqanıstana yüklərin daşınması məsələsi geniş müzakirə olunub. Ceyms Appaturay bildirib ki, Əfqanıstana aparılan NATO yüklərinin 30 faizi Azərbaycan ərazisində keçməklə daşınır: "Prezident məni əmin etdi ki, Azərbaycan gələcəkdə də tranzit məsələsində NATO-nun etibarlı tərəfdaşı olacaq". O, görüş zamanı texniki məsələlərin, o cümlədən AWACS uçuş sistemlərinin Azərbaycanın hava məkanından istifadə etməklə Əfqanıstana aparılması məsələsinin müzakirə olunmadığını deyib: "İndi NATO üçün elə bir dövr başlayıb ki, yaxın 2-3 il ərzində alyansa təkcə Əfqanıstana yük daşımaq yox, oradan yükləri daşımaq da lazım gələcək. Azərbaycan prezidenti məni əmin etdi ki, Azərbaycan bu məsələdə NATO-nu dəstəkləyir".


Bütün xəbərlər Facebook səhifəmizdə