Fevralın 8-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Məclisin Mətbuat xidməndən SİA-ya verilən xəbərə görə,
Oqtay Əsədov qonağı səmimi salamlayaraq Türkiyə rəsmilərinin yüksək vəzifədə xarici ölkələrə ilk səfərlərini məhz Azərbaycana etmələrini yüksək dəyərləndirib. Qeyd edilib ki, bu, qardaş Türkiyənin Azərbaycana verdiyi böyük dəyərdən irəli gəlir. Spiker müstəqillik dövründə Azərbaycanın hər zaman Türkiyənin dəstəyini hiss etdiyini, Azərbaycanın yanında olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan xalqı bu münasibəti yüksək qiymətləndirir, öz növbəsində Türkiyəni narahat edən bütün məsələlərdə onun yanındadır. Azərbaycan-Türkiyə münasibətləri sarsılmazdır!
Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf etməkdədir. Ölkələrimiz arasında imzalanmış 170-dən artıq sənəd münasibətlərimizin möhkəm hüquqi bazasını yaratmışdır. Onların arasında Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sənəd əlaqələrimizin strateji xarakter daşımasının əyani sübutudur.
Sədr vurğulayıb ki, prinsipial məsələlərdə hər iki ölkə eyni mövqedən çıxış edir. Belə ki, Fransa Senatında uydurma "erməni soyqırımı" ilə bağlı məsələnin müzakirəsi ərəfəsində Milli Məclis fransalı senatorlara müraciət ünvanlayıb. Fransa senatorlarından ibarət nümayəndə heyətinin bu günlərdə ölkəmizə səfəri zamanı onlarla aparılan danışıqlarda bizdə belə bir inam yarandı ki, bu ölkənin Konstitusiya Şurası uydurma "erməni soyqırımı" ilə bağlı məsələdə obyektiv, ədalətli qərar qəbul edəcəkdir. Çünki bu sənədin qəbulu heç bir hüquqi məntiqə sığmır və demokratiyanın beşiyi sayılan Fransanın imicinə böyük zərbədir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Nejdət Özəl Türkiyə Silahlı Qüvvələrini Baş Qərargah rəisi kimi ilk səfərini Azərbaycana etməsindən qürur duyduğunu söyləyib. O, səfər çərçivəsində keçirilən görüşlərdən və aparılan danışıqlardan məmnun qaldığını, iki ölkə dostluğunun sarsılmazlığının bir daha şahidi olduğunu deyib.
Qonaq Türk Cümhuriyyətinin qurucusu Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir" ifadəsini xatırlayaraq, ölkəsinin hər bir məsələdə bundan sonra da Azərbaycana dəstək verəcəyini vurğulayıb. Nejdət Özəl Ulu öndər Heydər Əliyevin "bir millət iki dövlət" kəlamının münasibətlərimizin ən yaxşı ifadəsi olduğunu qeyd edib.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB