Oqtay Əsədov ordu generalı Nejdət Özəl ilə görüşüb

Oqtay Əsədov ordu generalı Nejdət Özəl ilə görüşüb
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müstəqillik dövründə Azərbaycanın hər zaman Türkiyənin dəstəyini hiss etdiyini deyən spiker Azərbaycan xalqının bu münasibəti yüksək qiymətləndirdiyini bildirib: \"Azərbaycan xalqı öz növbəsində Türkiyəni narahat edən bütün məsələlərdə onun yanındadır. Bu gün ölkələr arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf etməkdədir. Ölkələr arasında imzalanmış 170-dən artıq sənəd münasibətlərin möhkəm hüquqi bazasını yaradıb. Onların arasında Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sənəd əlaqələrin strateji xarakter daşımasının əyani sübutudur\".

O.Əsədov həmçinin vurğulayıb ki, prinsipial məsələlərdə hər iki ölkə eyni mövqedən çıxış edir. Fransa Senatında uydurma "erməni soyqırımı" ilə bağlı məsələnin müzakirəsi ərəfəsində Milli Məclis fransalı senatorlara müraciət ünvanlayıb. Fransa senatorlarından ibarət nümayəndə heyətinin bu günlərdə Azərbaycana səfəri zamanı onlarla bu mövzuda danışıqlar aparılıb.

Türkiyə Silahlı Qüvvələrini Baş Qərargah rəisi kimi ilk səfərini Azərbaycana etməsindən qürur duyduğunu deyən general N. Özəl isə səfər çərçivəsində keçirilən görüşlərdən və aparılan danışıqlardan məmnun qaldığını vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə