Sankt-Peterburqda Azərbaycan Gəncləri Günü qeyd olunub

Sankt-Peterburqda Azərbaycan Gəncləri Günü qeyd olunub

Azərbaycan Gəncləri Günü münasibətilə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Sankt-Peterburq regional bölməsinin hesabat-seçki konfransı keçirilib. Azərbaycanın Sankt-Peteburqdakı Baş Konsulluğunun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə şəhərin azərbaycanlı gənclərinin 250-yə yaxın nümayəndəsi iştirak edib.

Tədbirin əvvəlində RAGT-ın fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmiş. RAGT-ın sədri Leyla Əliyevanın adından təbrik məktubunun mətni oxunub. Məktubda vurğulanır ki, RAGT Rusiya və Azərbaycan gəncləri arasında dostluğun, qarşılıqlı dəstək və anlaşmanın möhkəmləndirilməsinə yönəlmiş haqq işinə xidmət edir.

Müraciətdə deyilir: \"Bu gün RAGT Azərbaycan gənclərinin ölkə hüdudlarından kənarda ən fəal təşkilatıdır. Rusiyanın bütün regionlarında müxtəlif tədbirlər, konfranslar, seminarlar keçirilir, humanitar və mədəni layihələr reallaşdırılır. RAGT Azərbaycan gənclərini sıx birləşdirməklə bərabər, həm də onun Rusiya cəmiyyətinə inteqrasiyasına kömək edir, xalqımızın bənzərsiz mədəniyyətini Vətəndən uzaqlarda qoruyub saxlamağa kömək edir\".

Sonra tədbirin gündəliyinə uyğun olaraq cari məsələlər müzakirə edilmişdir. Şimal-Qərb Dövlət Xidməti Akademiyasının dördüncü kurs tələbəsi Ozal Rəsulov ümumi səsvermə yolu ilə RAGT-ın regional bölməsinin rəhbəri seçilib. Bundan əlavə, regional bölmənin 13 nəfərdən ibarət şura üzvləri seçilib.

Sankt-Peterburq şəhər Administrasiyası adından Sankt-Peterburq Gənclər siyasəti və ictimai təşkilatlarla qarşılıqlı əlaqə komitəsinin rəhbəri Aleksandr Nikolayev, Xarici əlaqələr komitəsinin nümayəndəsi Vyaçeslav İvanov, habelə \"Yedinaya Rossiya\" partiyası regional icraiyyə komitəsinin üzvü Artemi Qolitsın, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov və \"Sankt-Peterburqun Azərbaycan diasporu\" regional ictimai təşkilatının nümayəndələri RAGT-ın regional bölməsini təbrik ediblər.

Aleksandr Nikolayev çıxışında vurğulayıb ki, Sankt-Peterburq Gənclər siyasəti komitəsi ilə Azərbaycan Gənclər və İdman Nazirliyi arasında sıx münasibətlər yaranıb, Komitə RAGT-ın Sankt-Peterburqdakı bütün tədbirlərini və təşəbbüslərini alqışlayır. O qeyd edib ki, Komitə RAGT-ın regional bölməsini hər vasitə ilə dəstəkləməyə, həmçinin onunla birgə tədbirlər keçirməyə hazırdır.

Sankt-Peterburq Xarici əlaqələr komitəsinin nümayəndəsi Vyaçeslav İvanov qeyd edib ki, Sankt-Peterburq ilə Azərbaycan Respublikası arasında möhkəm əlaqələr yaradılıb. O əmin olduğunu bildirib ki, gənclər siyasəti sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət yalnız yüksələn xətt üzrə inkişaf edəcəkdir.

Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Odlar Yurdunun mədəniyyətinin, xalqımızın adət və ənənələrinin təbliğində RAGT-ın xüsusi rolunu qeyd edib, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsas istiqamətləri barədə söhbət açıb.

\"Vətən\" regional ictimai təşkilatının rəhbəri Məzahir Həsənov Azərbaycan gənclərini Dağlıq Qarabağ məsələsi, Xocalı faciəsi ilə əlaqədar Azərbaycan reallıqlarının təbliği işində daha fəal olmağa, \"Xocalıya ədalət\" kampaniyasını hərtərəfli dəstəkləməyə çağırıb. \"Sankt-Peterburqun Azərbaycan diasporu\" regional ictimai təşkilatının nümayəndələri qeyd etmişlər ki, onlar Azərbaycan gənclərini Sankt-Peterburqda konsulluq ilə birgə həyata keçirilən bütün layihə və tədbirlərə daha fəal cəlb etməyə, regional bölmənin bütün ideya və təşəbbüslərini dəstəkləməyə hazırdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə