Dövlət Miqrasiya Xidmətində 2011-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
Bu gün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) 2011-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.
SİA-nın verdiyi məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov hesabat məruzəsi ilə çıxış edib. DMX rəisi bildirib ki, ötən dövr ərzində Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının milli təhlükəsizliyini və milli maraqlarını qorumaqla miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, miqrantların öz hüquqlarını həyata keçirmələri üçün şəraitin yaradılması məqsədilə bu sahədə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələri icra etmiş və illik fəaliyyətində "2011-ci il üzrə Perspektiv iş Planın"da nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq səmərəli və məqsədyönlü fəaliyyət istiqamətini əsas götürüb. Miqrasiya sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülüb, bu sahədə vahid qanunvericilik bazasının formalaşdırılması və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan vətəndaşların hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq təcrübə, o cümlədən Avropa İttifaqı qanunvericiliyi nəzərə alınmaqla Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış "Miqrasiya Məcəlləsi"nin və "Azərbaycan Respublikasının Readmissiya Strategiyası"nın yekun layihələri Nazirlər Kabinetinə təqdim edilib.
Ötən dövr ərzində miqrasiya sahəsində beynəlxalq əməkdaşlıq daha da genişləndirilib, iki və çoxtərəfli əsaslarla münasibətlər inkişaf etdirilib, ölkələrarası dialoqun gücləndirilməsi, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması istiqamətində bir sıra əhəmiyyətli addımlar atılıb. BMT, BMTQAK, BMqT, Aİ, ATƏT, MDB kimi təşkilatlarla əməkdaşlıq inkişaf etdirilmiş, Almaniya Federativ Respublikasının, Niderland və Belçika Krallıqlarının, Türkiyə Respublikası, Latviya Respublikası, Rusiya Federasiyası və Qətər Dövlətinin aidiyyəti qurumları ilə bir sıra görüşlər keçirilmiş, qarşılıqlı səfərlər təşkil olunub.
Hesabat dövründə Bakı, Yevlax, Lənkəran, Şirvan, Xaçmaz regional miqrasiya idarələrinin və Bakı şəhər Regional Miqrasiya İdarəsinin Sərhəd Buraxılış Məntəqələrində miqrasiya şöbəsinin iş fəaliyyəti tam təmin edilib, Yevlax və Bakı şəhərlərində Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinin inşası başa çatdırılıb və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub.
2011-ci il ərzində Xidmətin işinin təşkilində informasiya texnologiyalarının tətbiqi istiqamətində bir sıra mühüm işlər görülüb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2010-cu il tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi haqqında Əsasnamə"nin müvafiq bəndlərinin icra edilməsi məqsədilə hazırlanmış iş planına uyğun olaraq Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) ilə "Giriş-Çıxış və Qeydiyyat" İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi sahəsində işlər davam etdirilib, həmçinin Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi və Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri ilə Vahid Miqrasiya Məlumat Sistemi arasında inteqrasiyanın təmin olunması sahəsində aparılan işlər yekunlaşdırılıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin sərhəd buraxılış məntəqələrində yerləşən bölmələrində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sisteminin işçi yerləri yaradılmış və onun fəaliyyəti mərkəzi baza ilə əlaqələndirilib.
Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2010-cu il tarixli 136s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı" çərçivəsində xidmətdaxili "elektron sənəd dövriyyəsinin təşkili" üçün proqram təminatı hazırlanıb və sınaq üçün təqdim edilib. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 24 may 2011-ci il tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidməti tərəfindən "Elektron Xidmətlərin" göstərilməsi üçün rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsi yaradılıb və 1 sentyabr 2011-ci il tarixdən etibarən Dövlət Miqrasiya Xidməti tərəfindən elektron xidmətlərin göstərilməsinə başlanılıb.
Xidmət rəisi A.Rəhimov qeyd edib ki, 2011-ci il ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, həmçinin daimi qeydiyyat vəsiqələrinin dəyişdirilməsi ilə bağlı 41.801 müraciət, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətinin uzadılması məsələləri ilə bağlı 12.450 müraciət, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitamla bağlı 307 müraciət, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 6.740 sənəd, qaçqın statusunun müəyyənləşdirilməsi məsələləri ilə bağlı 41 müraciət daxil olub. Daxil olan müraciətlər fərdi yanaşma tətbiq edilməklə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul olunub.
2011-ci il ərzində qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri gücləndirilib, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınıb. Belə ki, keçirilmiş tədbirlər nəticəsində 12.530 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub, onlardan əsas olduğu üçün 2.338 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 8.058 nəfər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müddəalarında nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərketmə, 2.004 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları və 130 digər hallarla (ölkəyə girişinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması, müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin itirilməsi, inzibati hüquq pozuntusu törətmiş sahibkarların cərimə edilməsi və.s) bağlı qərarlar qəbul edilib.
Xidmət rəisi sonda bildirib ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti cari ildə də Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, eləcə də Nazirlər Kabinetinin sərəncam və qərarlarını, həmçinin mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq cari il ərzində Xidmət qarşısında qoyulmuş tapşırıqların qüsursuz, vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün güvvə və bacarığını səfərbər etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB