Bu gün Azərbaycan Demokratik Respublikasının qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 128-ci ildönümüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında ictimai-siyasi həyata atılan Rəsulzadə sosial demokrat "Hümmət" təşkilatının yaranmasında iştirak edib.
1909-cu ildə çarizmin təqiblərindən İrana mühacirət edib. Bir müddət orada "İrane-nou" qəzetinin baş redaktoru kimi çalışıb. Məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası mərkəzi komitəsinin sədri seçilib.
1918-ci ildə Şərqdə ilk respublika olan Azərbaycan Demokratik Respublikasını elan edən Milli Şuranın sədri olub.
1920-ci il aprelin 28-də bolşeviklər Azərbaycanı işğal etdikdən sonra ADR süqut edib. M.Ə.Rəsulzadə həbs edildikdən sonra, Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya göndərilib. Lakin M.Ə.Rəsulzadə Stalinin təkidlərinə baxmayaraq Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
Qeyd edək ki, M.Ə.Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB