Qənirə Paşayeva İstanbulun Taksim meydanında “Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq” adlı mitinq-yürüşün keçirilməsini təklif edib
Bu gün Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin analoqunun olmadığını vurğulayıb. SİA-ya verilən məlumata görə, millət vəkili: "Bu gün əgər biz ortaq düşmənə qarşı birgə mübarizə aparırıqsa, bu, artıq çox önəmlidir. Azərbaycan-Türkiyə münasibətlərini bundan sonra da pozmaq istəyənlər olacaq. Biz buna yol verməməliyik, çünki dünyada Azərbaycanı Türkiyədən, Türkiyəni də Azərbaycandan çox istəyən yoxdur", - deyə bildirib.
Q.Paşayeva İstanbulun Taksim meydanında fevralın 26-da "Hamımız xocalılıyıq, hamımız qarabağlıyıq" adlı böyük mitinq-yürüşün keçirilməsini təklif edib: "Kiçik bir elan verilsə, bütün meydan bir an içində izdihamla dolar. Həmin tədbirdə hamımız xocalılı, qarabağlı olacağıq. Məhz orada biz əsl soyqırmının harada və kimlər tərəfindən həyata keçirildiyini dünyaya nümayiş etdirə bilərik və beynəlxalq təşkilatlardan, beynəlxalq ictimaiyyətdən Xocalıya ədalət tələblərini bir daha səsləndirərik. Bu, bizim birlik və bərabərliyimizi, Qarabağ problemnin, Xocalı soyqırımın bizim ortaq problemimiz, dərdimiz olduğunuz hər kəsə bir daha nümayiş etdirə bilər. Eyni zamanda biz tarixdə olmayan qondarma "erməni soyqırımını" öz siyasi maraqları üçün tanıyanlara bir daha səslənərək bütün dünya ictimaiyyətinin diqqətini 20 il bundan əvvəl bütün dünyanın gözü qarşısında Ermənistan tərəfindən Xocalıda törədilmiş bu soyqırıma ciddi şəkilldə bir daha yönəltməklə bu soyqırımı görmələri və tanımaları istiqamətində çağırış və tələblər irəli sürməliyik".
"Yeni Şafak" qəzeti yüz dəfə də Azərbaycanın əleyhinə yazsa, biz bunlara cavab verməyəcəyik. Çünki Türkiyənin əleyhinə yaza bilmərik", - bunu millət vəkili, "Ədalət" qəzetinin təsisçisi Aqil Abbas deyib.
"Azərbaycan bundan artıq nə etməlidir? Biz Parisi bombalaysı deyilik ki? Türkiyə prezidenti erməni ilə nahar edəndə belə Azərbaycan mətbuatı bir cümlə belə yazmır. Çünki Türkiyənin cümhurbaşqanı bizim cümhurbaşqanımız, baş bakanı bizim baş bakanımızdır", deyən millət vəkili əlavə edib ki, aradakı anlaşılmazlıqları aradan qaldırmaq üçün Türkiyə səfirliyi aparıcı qəzetlərin baş yazarlarını dəvət edib onlarla müzakirələr aparmalıdır.
"Özbək, türkmən və qazax hələ türk deyil. Azərbaycan və Türkiyə türk dünyasının iki inkişaf etmiş dövlətləri kimi bu cür yazılarla münasibətlərin korlamnasına imkan verməməlidir", - deyən millət vəkili təəsüf edib ki, Azərbaycanın müxalif qəzetləri "Yeni Şafak"ın yazdıqlarını sevinə-sevinə manşetə çıxarır, Türkiyə də elə bilir ki, bütün xalq belə düşünür.
Millət vəkili Gülər Əhmədova bildirib ki, indiki həssas dönəmdə türklər biri-birinin əlindən çox bərk tutmalıdırlar. O, türk dünyasının birləşməsinin vacibliyini vurğulayaraq, Türkiyə və Azərbaycan qardaşlığı və strateji mütəfiqliyi çox yüksək səviyyədə olduğunu deyib.
Millət vəkili Jalə Əliyeva isə deyib ki, Türkiyə ilə Azərbaycan arasında birlik sözdə yox, əməldədir: "Ötən 20 ildə iki dövlət tərəfindən bu, dəfələrlə sübut olunub".
Onların həmkarı Musa Qasımlı isə Moskva arxivlərindəki sənədlərinin araşdırılmasının vacibliyini önə çəkib və deyib ki, həmin sənədlər açılandan sonra heç kim "erməni soyqırımı" məsələsinə inanmayacaq: "Çünki həmin sənədlər ötən əsrin əvvəllərində bitərəf şəxslər tərəfindən yazılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB