Məmmədbağır Axundzadənin erməni əsirliyindən azad olunması istiqamətində müvafiq tədbirlər görülür

Məmmədbağır Axundzadənin erməni əsirliyindən azad olunması istiqamətində müvafiq tədbirlər görülür

"Qarşı tərəfdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) qeydiyyatında olan 1 Azərbaycan vətəndaşı saxlanılır. O, 23 yanvar 2012-ci il tarixdə Ermənistan hərbçiləri tərəfindən Azərbaycan Respublikasının Tərtər rayonu ərazisində, qoşunların təmas xəttində əsir götürülmüş Azərbaycan hərbçisi, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğludur". SİA-nın xəbərinə görə, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, hazırda Komissiya M. Axundzadənin azad olunması istiqamətində beynəlxalq təşkilatların vasitəçiliyi ilə müvafiq tədbirləri aparır. Komissiya KİV-ə M. Axundzadə ilə bağlı tələsik və yoxlanmamış məlumatları yaymamağı tövsiyyə edib.

Məlumatda o da bildirilir ki, hazırda Azərbaycanda 3 erməni əsir saxlanılır. Saxlanılan digər 5 nəfər isə bir ailənin üzvləri olan 5 mülki şəxsdir. Bu ailənin başçısı 2010-cu ilin yanvar ayında öz ailəsini maşına yığaraq onların həyatına böyük risq edib və Ermənistan-Azərbaycan sərhədini keçib.

Həm beynəlxalq, həm də ölkə qanunlarına əsasən, bu insanlar öz ölkəsindən imtina edərək Azərbaycana qeyri-qanuni yolla gəlmiş sərhəd pozucularıdır: "Buna baxmayaraq, Azərbaycan Respublikası bu insanlara qarşı davranışında humanizm prinsiplərini rəhbər tutub. Hazırda onlar ölkələrindəki dözülməz vəziyyətə görə ora qayıtmaqdan imtina etdikləri üçün beynəlxalq təşkilatlar onların üçüncü ölkəyə göndərilməsi ilə bağlı məsələyə baxırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə