Samir Turan: \"İran Azərbaycanın bölgədə güclənməsindən olduqca narahatdır\"

Samir Turan: \"İran Azərbaycanın bölgədə güclənməsindən olduqca narahatdır\"
\"İran hər zaman Azərbaycana qarşı müxtəlif yollarla təziqlər göstərməyə çalışıb. Bu hallar istər terror təşkilatları vasitəsi ilə, istərsə də siyasi, dini, iqtisadi baxımdan özünü göstərir. Bu ölkə adını islam dövləti adlandırdığı halda din qardaşlarının, tarixi qonşusu olan Azərbaycanın torpaqlarının 20 faizini işğal edən, 1 milyondan artıq dindaşını yurdundan qaçqın-köçkün salan işğalçı Ermənistanla ən isti münasibətlər qurur, ona hər cür yardımlar edir\". Dünya Azərbaycanları Konqresinin Gənclər Təşkilatının sədri Samir Turan SİA-ya açıqlamasında bildirib ki, son aylar ermənilərə dostluq əli uzatmaq İranın Azərbaycana qarşı mənfi münasibətini açıq şəkildə ortaya qoydu. Onun sözlərinə görə, aparılan araşdırmalar isə onu göstərir ki, İran Azərbaycanın bölgədə güclənməsindən olduqca narahatdır və buranı öz sosial bazasına çevirmək üçün, müxtəlif vasitələrə əl atmaqdadır. Hazırda İran rejimi açıq şəkildə Azərbaycana qarşı təxribatlar aparır və bundan da geri çəkilənə oxşamır: " Bir zamanlar İran tərəfindən ölkəmizdə təsis edilən İmdad komitəsini buna misal göstərmək olar. Vaxtilə bu komitə təsis ediləndə ilk əvvəl qaçqın və məcburi köçkünlərə yardım məqsədi daşıyırdı. Lakin sonradan onların məqsədi açıq şəkildə dəyişdi. Onlar imkansız və kimsəsiz insanlara yardım etməklə həmin insanları öz tərəflərinə çəkməyə çalışdılar. Bununla da İran məxfi kəşfiyyat idarəsi daha gizli məqsədləri həyata keçirmək üçün həmin insanları dini təhsil vermək məqsədi ilə İranın Qum şəhərinə apardılar. Lakin sonradan həmin gənclər geri qayıtdıqları zaman onların ideologiyasında dövlətçilik əleyhinə tam dəyişikliklərin meydana çıxdığının şahidi olduq".

Samir Turan onu da bildirdi ki, ötən il aparılan araşdırmalar nəticəsində həmin gənclərin ölkəmizin müxtəlif rayonlarında fəaliyyət göstərən məscidlərdə dini dərslər keçmək pərdəsi arxasında əslində müxtəlif dini cərəyanları təbliğ etməklə azyaşlıların və gənclərin psixologiyasına mənfi təsir göstərirlər. Onun sözlərinə görə, nəticə etibarı ilə həmin gəncləri təxribatlar, dini zəmində ixtişaşlar törətməyə cəlb edirlər: \"Son günlər Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılan İran vətəndaşlarının bir qurup azərbaycanlılarla əlbir olub ölkəmizdə terror törətmək cəhdləri deyilənlərin doğruluğunu əyani şəkildə ortaya qoydu\".

Gənclər Təşkilatı sədri deyir ki, İranın Azərbaycana qarşı yönləndirdiyi digər bir soyuq silah isə narkotik vasitələrin ölkəmizə gətirməsidir. Son zamanlar sərhəd xidməti əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana gətirilən narkotik vasitələrin qarşısı qismən alınıb: "İran bu addımları atmaqla birbaşa Azərbaycana ikitərəfli zərbə vurmaqa çalışır. Həm narkotik satışından gəlir əldə etməklə Azərbaycanı tranzik ölkəyə çevirir, həm də Azərbaycan gəncliyini narkotik vasitələrlə məhv etməyə çalışır. Hər iki halda zərbə Azəbaycana dəymiş olur. Bütün bunların qarşısını almaq məqsədi ilə Azərbaycan höküməti ciddi addımlar atmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə