ATƏT cəbhə xəttində monitorinq keçirib

ATƏT cəbhə xəttində monitorinq keçirib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilib.


SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, monitorinq iştirakçıları ilk öncə Tərtər rayon İcra Hakimiyyətində olublar. İcra başçısı Ceyhun Cəfərov bildirib ki, son 4 ayda ermənilər 350 dəfədən çox atəşkəsi pozublar. Bu gün də cəbhə xəttinə yaxın yerləşən mövqelərimiz tez-tez atəşə tutulur.


Daha sonra ATƏT nümayəndələri monitorinq üçün cəbhə xəttinə yola düşüblər.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçirib. Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas nəzarət edib.


Bu zaman kənd sakinləri bu cür monitorinqlərin heç bir nəticəsi olmadığını, əksinə Ermənistan ordusu monitorinqdən sonra daha cox atəşkəsi pozduğunu bildirib.


Kənd sakinləri həmçinin bildirib ki, yalançı, uydurma heç bir tarixi əsaslara söykənməyən "erməni soyqırımı"nı tanıyan Fransanın ATƏT-dəki fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət nəticə göstərə bilməz.


Qeyd edək ki, cəbhə xəttində iki saatdan çox davam edən monitorinq insidentsiz başa çatıb.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə