Havalar daha da soyuyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın SİA-ya verdiyi məlumata görə, bu gündən ölkə ərazisinə Arktik soyuq hava kütlələri daxil olmaq üzrədir. G. Məmmədova bildirib ki, Azərbaycanda hava şəraiti Mərkəzi Qazaxıstanın soyuq antisiklonunun təsiri altında formalaşır. Ona görə, də bu gündən ölkəmizdə havalarda kəskin soyuma müşahidə olunacaq.


Şöbə rəisinin sözlərinə görə, bu axşamdan etibarən havanın temperaturu gündən-günə enəcək, yağıntılar intensivləşəcək. Yanvar ayının 28 və 29-na keçən gecə və səhər respublikanın ayrı-ayrı rayonlarında güclü qar yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında ayın 26 və 27-də havanın minimal temperaturu 0-3 dərəcə şaxta, 28-i və sonrakı günlərdə isə 5-7 dərəcə şaxta təşkil edəcək. Həmçinin G. Məmmədova bildirdi ki, şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar respublikanın rayonlarında və Bakıda yolların buz bağlaması ehtimalı var, ona görə də bu barədə müvafiq qurumlara xəbərdarlıq olunub.


Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə