Qənirə Paşayeva AŞPA-da ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı çıxış edib
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Assambleyada çıxış edən ATƏT-in Minsk Qrupunun üzvü, Böyük Britaniyanın Avropa və xarici işlər naziri Devid Lidinqtona sualında 20 ildir öz evlərinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən tapdalanan haqlarının bərpası məsələsini qaldırıb. SİA-nın məlumatına görə, millət vəkili deyib ki, sizin ölkəniz də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi bir missiyanı daşıyan ATƏT-in Minsk Qrupunun üzvüdür, amma bu günə qədər təxminən 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində heç bir irəliləyişə və nəticələrə nail ola bilməyib: "20 ildən artıqdır ki, təxminən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlər öz yurd-yuvasına, öz ev-eşiyinə dönə bilmir. Ermənistan onların öz evlərinə dönməsinə imkan vermir. Siz münaqişənin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun rolunu necə qiymətləndirirsiniz? Sizcə bu qurum nə qədər effektli fəaliyyət göstərir? Ortada münaqişənin həllinə dair heç bir irəliləyiş yoxdur və sizin fikirlərinizi bilmək istərdik?"
Suala cavab olaraq Devid Lidinqton belə deyib: "Biz ATƏT-in Minsk Qrupunun üzvüyük, lakin qrupun həmsədrliyində deyilik. Böyük Britaniyanın Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini istiqamətləndirə biləcəyini düşünmürəm. Hesab edirəm ki, Azərbaycan və Ermənistan hökumətləri bu məsələdə razılığa gəlməlidir. Münaqişənin həlli məsələsində əsas ağırlıq ilk növbədə tərəflərin üzərinə düşür. 2010-cu ildə Azərbaycanda oldum. Ölkəyə səfərim zamanı Azərbaycan prezidenti və digər rəsmilərlə görüşümdə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr apardım. Bu il ərzində isə Ermənistana səfər etməyi düşünürəm və bu məsələni onlarla da müzakirə etməyi planlaşdırıram"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB