Mübariz Qurbanlı: \"Beynəlxalq hüquq və normaları qoruyan təşkilatlar niyə indi Sarkoziyə irad tutmurlar?\" -
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SİA-ya müsahibəsi:
- Ötən gün Fransa Senatında qondarma \"erməni soyqırımı\"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qanun qəbul edildi. Bu qanun Fransanın həmsədr ölkə kimi obyektivliyini şübhə altına almırmı?
- Fransa Senatında belə bir qərarın qəbul olunması beynəlxalq hüquqa, o cümlədən Fransanın mövcud qanunlarına ziddir. Bütövlükdə götürdükdə bu bir rəzalətdir. Qanun qəbul edilməzdən əvvəl belə fikirlər mövcud idi ki, Senat müdriklik nümayiş etdirəcək, Fransa-Türkiyə münasibətlərinə xələl gətirməmək üçün bu qərarı qəbul etməyəcək. Lakin 7 saat yarım çəkən müzakirələrdən sonra Fransa Senatının Hüquq Komissiyasının bütövlükdə bu qərarın əleyhinə olmasına, orada ağıllı senatorların bu prosesin bütövlükdə bölgədə, dünyada sülhə xidmət etmədiyini deməsinə baxmayaraq Fransa senatorları yenə də müəyyən təsir altında olaraq bu qərarı qəbul etdilər. Fransa Senatında bu qanunun müzakirəsi zamanı 60 senator var idi. Amma əslində Fransa senatorlarının sayı 348 nəfərdir. Səsvermə zamanı isə Fransa Senatında belə bir qayda var ki, qrup başqanları qrup üzvləri əvəzindən də səs verə bilərlər. Ona görə də səsvermə zamanı ümumilikdə 126 lehinə, 87 əleyhinə səs toplandı. Bu bir daha Fransa Senatında qəbul olunan həmin qərara münasibətin göstəricisidir. Belə ki, qanunun əleyhinə olan senatorlara müzakirələrə gəlməmək tövsiyyə edilib və onlar müzakirələrdə iştirak etməyib. Bütövlükdə bunu Fransa hakimiyyətinin Türkiyə və islam dünyasına basqısının, təzyiqinin bir vasitəsi hesab edirəm. Düşünmürəm ki, bu yalnız seçkiyə görədir. Burada böyük bir siyasətin izləri görünməkdədir. Son dövrlərdə yenidən Avropada bəzi qruplar səlib, \"xaç yürüşü\"nün yeni formasını həyata keçirməkdədirlər. Bütün bunlar \"xaç yürüşü\"nün yeni formada - XXI əsrdə davamıdır. Bizim nə etməyimizdən asılı olmayaraq Qərbdə Azərbaycan da daxil olmaqla müsəlman ölkələrinə qarşı ikili standart açıq şəkildə özünü göstərməkdədir. Xüsusilə, Sovetlər İttifaqının çökməsindən sonra Qərb dünyası qarşısına belə bir məqsəd qoyulub ki, islam dünyasını çökdürsün, onu zəiflətsin. Çünki islam dininin güclü şəkildə yayılması, xüsusilə XXI əsrin sonunda dünya əhalisinin 2/3 hissəsinin islam dininə sitayiş edəcəyi ilə bağlı verilən proqnozlar xristian dünyasını narahat etməkdədir.
İndi bunun nəticəsi nə olacaq? Türkiyə bu gün güclü ölkədir və bu məsələ ilə bağlı cavab tədbirləri elan edib. Bunlar keçici xarakter daşımayacaq, Türkiyənin cavab tədbirlərinin davamı olacaq və o, öz dediyindən geri çəkilməyəcək. Bu gün hamı bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, 17, 2 min kv metr Azərbaycan torpağı erməni işğalı altındadr. Fransanın bu hərəkəti bir tərəfədən işğalçı Ermənistana mənəvi dəstəkdir. İkinci tərəfdən Fransanın Minsk qrupundakı fəaliyyətini tam şübhə altına alır və ona inamsızlıq yaradır. Üçüncüsü, bu, Fransanın beşinci hakimiyyətinin demokratikliyini şübhə altına alır, digər bir tərəfdən isə bu islam dünyasında Qərb demokratiyasına inamsızlıq yaratmaqla terrorun inkişafına gətirib çıxarır. Terror haqsızlığa qarşı mübarizənin yeni formasıdır. Biz bunu təqdir və ya müdafiə etmirik, amma Taliban, Əl-Qaidə məhz ikili standartlar səbəbindən yaradılıb. Bu böyük bir rəzalətdir və bunun başında sarkozilər, Fransa Senatında bu qanuna səs verənlər, neoimperialistlər dayanır.
Mən belə hesab edirəm ki, Azərbaycan cəmiyyəti Qərb dövlətlərinə nə qədər yaxınlaşırsa, onlar bizim sinəmizdən itəliyirlər. Qərb dövlətləri ilə münasibətləri nə qədər yüksək səviyyədə qurmağa çalışırıqsa, onlar bizə yad kimi baxır. Türkiyənin Avropa ölkəsinə daxil olmasını əngəlləmək də bu siyasətin tərkib hissəsidir. Bu gün Fransada ermənilər bunu bir qələbə kimi qeyd edirlərsə, sabah işğalçı Ermənistan bizim torpaqlarımızdan çəkilməyəcək. Çünki arxasında Fransa kimi Qərb ölkələrinin dəstəyini görəcək. "Arxalı köpək qurd basar", deyiblər. Bu gün erməni köpəyinin arxasında fransızlar və onların bizim üzərimizə yeridilməsinin arxasında bu siyasət dayanır. Biz bunu qətiyyətlə pisləyirik.
- İnsan haqqlarına zidd olan bu qanunu qəbul edən Fransaya qarşı Türkiyə və Azərbaycan bundan sonra hansı addımlar atmalıdır?
- Azərbaycan bununla bağlı lazımi siyasət yürüdür və yürüdəcək də. Azərbaycan tərəfi Fransanın erməniləri dəstəkləməsinin onun ATƏT Minsk qrupu həmsədrliyi fəaliyyətini şübhə altına aldığını birmənalı şəkildə bildirib və bundan sonrakı addımlar hökümətin siyasətində özünü göstərib. Mən əminəm ki, Azərbaycan ictimaiyyəti də Fransa Senatının bu qərarına öz təpkisini göstərəcək. Hələlik fransızların və Fransa hakimiyyətinin şansı var ki, bu qara ləkədən özlərini xilas etsinlər. Bu, Fransa xalqı üçün böyük bir ləkədir. Böyük bir siyasətin yenidən islam, xristian qarşıdurması səviyyəsində aparılması nə islam, nə da xristian dövlətlərinə xeyr gətirmir. Bu bütövlükdə Avropa dəyərlərini gözdən salan bir addımdır ki, bunun nəticələrini daha sonra görəcəklər.
- Bir sıra beynəlxalq təşkilatlar insan haqqlarının qorunmasından danışır. Onlar Fransa Senatında belə bir qanunun qəbul edilməsinə necə reaksiya verməlidirlər?
- Həmin beynəlxalq təşkilatların ikiüzlülüyü burada özünü göstərir. ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar Fransa Senatında belə bir qanunun qəbul etməsini pisləməlidirlər. Hardadır, özlərini böyük adlar altında göstərərək insan haqları, beynəlxalq hüquq və normaları qoruyan təşkilatlar? Niyə indi demirlər ki, ay Sarkozi, sənin qəbul etdiyin qərar beynəlxalq hüquq normalarına ziddir. Budur ikili standart, yaramaz, rəzalətə aparan siyasət, dünyada sülhə, əmin-amanlığa zərbə vuran qüvvələr. Bu qanunun qəbulu yalnız Türkiyəyə qarşı deyil. Bu həm də Azərbaycana qarşı bir təcavüzkarı şirnikləndirməkdir. Xocalı soyqırımını törədən qatillərə dəstək verməkdir. Bəlkə qanunun qəbulundan sonra göz yaşlarını saxlaya bilməyən Valeria bilmir ki, burada nə baş verir? Bilir, lakin bu ona sərf etmir. Lakin erməninin quyruğundan bu cür tutub Türkiyə və İslama qarşı olan yürüşün başında dayanmaq istəyir. Amma bunların cəzasını özləri çəkəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB