Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağı münaqişəsini müzakirə ediblər
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Dmitri Medvedev arasında Soçi şəhərində Qafqaz regionundakı vəziyyət və ikitərəfli münasibətlər müzakirə edilib. SİA-nın "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, görüşdə çıxış edən Rusiya dövlət başçısı müzakirə ediləcək məsələlərə toxunub: "Biz Qafqazla sıx bağlıyıq və burada nə baş verirsə, bizim üçün əhəmiyyətsiz deyil. Bu zəmində biz regiondakı vəziyyətin necə inkişaf etməsini müzakirə edəcəyik".
Dmitri Medvedev həmçinin bu gün Ermənistan prezidentinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını özündə ehtiva edən üçərəfli görüşün vacibliyini vurğulayıb: "Bu görüşlər mütəmadi olaraq keçirilir, haradasa irəliləyişə doğru hərəkət var, haradasa problem var. Lakin bu dialoq faydalıdır və mən ümidvaram ki, belə əlaqələr davam edəcək".
Rusiya prezidenti həmçinin "Rusiya-Azərbaycan əməkdaşlığının necə inkişaf etməsi, ötən il nə baş verməsi" barədə müzakirə etməyi təklif edib. Bununla yanaşı, Rusiya dövlət başçısı 2011-ci ildəki əməkdaşlığın nəticələrini yaxşı qiymətləndirib.
Öz növbəsində İlham Əliyev münasibətlərin intensiv xarakterinin bütün istiqamətlər üzrə qarşılıqlı əlaqələri möhkəmləndirməyə imkan verdiyi ilə razılaşıb: "Ötən il çox uğurlu olub, biz qarşılıqlı əlaqələri möhkəmləndirmişik, mal dövriyyəsinin artımı isə on faizlərlə ölçülür" – deyə, o xatırladıb.
Azərbaycan prezidenti Dağlıq Qarabağ probleminin nizamlanması yollarının axtarışı üzrə səylərin davam etdirilməsinə görə rusiyalı həmkarına minnətdarlıq edib. "Sizin düzgün olaraq qeyd etdiyiniz kimi, ümidverici məqamlar, bədbinlik hissini artıran məqamlar olsa da, sizin bu səyləri davam etdirməyiniz nikbinliyi artırır", – deyə o bəyan edib və vurğulayıb ki, Azərbaycan nizamlamada və sabitlikdə maraqlıdır.
İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin heyətinə namizədliyinin dəstəklənməsinə görə prezident Medvedevə minnətdarlıq edib. "Qarşıdakı iki ildə biz sizinlə Təhlükəsizlik Şurasında sıx şəkildə işləyəcək və bizi dəstəkləyən 155 ölkənin ümidlərini doğrultmağa çalışacağıq", – deyə o, prezident Medvedevi əmin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB