Əli Əhmədov: \"Azərbaycan gəncləri bu və ya digər qüvvələrin təhriklərini dəstəkləmir\"
"Ötən il mart-aprel aylarında bir sıra maraqlı qüvvələrin təsiri ilə bəzi gənclərin Azərbaycanda ictimai siyasi sabitliyi pozma cəhdləri baş tutmadı". Bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov deyib. Əsas hədəfin gənclər olduğunu diqqətə çatdıran Əli Əhmədov bildirib ki, Azərbaycan gəncləri bu cür təhrikçi qüvvələrə qoşulmaq niyyətində deyil: "Biz keçən ilki cəhdləri xatırlasaq, heç bir nəticə əldə edilmədiyini görərik. Bunun isə ciddi əsasları var. İlk olaraq, Azərbaycandakı əmin-amanlıq ölkə gəncliyini tamamilə təmin edir. Bu gün gənclər təhsil almaq, ölkədə baş verən hər cür ictimai-siyasi hadisələrdə yaxından iştirak etmək imkanlarına malikdirlər. Digər tərəfdən isə, Azərbaycanın sürətli inkişafı ölkə daxilində həyata keçirilən siyasətə qarşı müsbət fikir yaradıb. Gələcəkdə daha da artırılacaq əmin-amanlıq üçün isə gənclərə kifayət qədər şərait yaradılır və gənclər də bu imkanı dəstəkləyirlər. Bu gün Azərbaycan siyasətinin əsas sahələrindən biri də gənclərə geniş imkanlar verilməsi, onların potensialından istifadə edilməsidir. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, bir il əvvəl qarşılaşdığımız səhnələrdən də aydın görünür ki, Azərbaycan gəncləri bu və ya digər qüvvələrin təhriklərini dəstəkləmir".
Əli Əhmədov onu da qeyd edib ki, əgər növbəti dəfə belə bir cəhd edilsə, aqibət eyni olacaq: "Əgər müxalifət nümayəndələri yenə belə cəhdlər etsələr, Azərbaycan dövləti bütövlükdə, Azərbaycan gəncləri isə-ayrı-ayrılıqda bu təhrikçi qüvvələrə öz qətiyyətlərini göstərəcəklər. Bu gün Azərbaycan gəncliyi ölkə prezidentinin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, ölkənin inkişafı prosesində yaxından iştirak edirlər. Ona görə də əminliklə deyə bilərəm ki, gənclər imkan verməyəcək ki, kimlərsə maraqlı qüvvələrin tələbləri əsasında ölkəmizdəki siyasi sabitliyi pozsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB