Füzulinin 22 yaşayış məntəqəsinin düşməndən azad edilməsindən 18 il ötür. Müharibə dövründə ermənilər tərəfindən tamamı ilə dağıdılmış şəhər son 10 ayda yenidən qurularaq digər bölgələrdə müvəqqəti məskunlaşan 115 min məcburi köçkünün 65 mini doğma yurd-yuvasına qayıdıb.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Qarabağ müharibəsi dövründə 1993-cü il oktyabrın 23-də Füzuli rayonu Ermənistan ordusu tərəfindən tamamilə işğal edilib. Rayonun 115 minə yaxın əhalisi məcburi köçkün düşüb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Ali Baş Komandanın rəhbərliyi altında döyüş əməliyyatı hazırlanaraq 1994-cü ilin yanvarın 5-dən 6-na keçən gecə yenicə formalaşmış Azərbaycan ordusu düşmən üzərində hücuma keçib.
Güclü döyüşlərdə Azərbaycan ordusu 4 saat ərzində rayonun 21 kənd və bir qəsəbəsini düşmən tapdağı altından azad edib.
Bu məqsədlə füzulililər bir araya toplanaraq anma mərasimi keçiriblər. Erməni hərbçiləri 4 ay işğal altında saxladığı rayonu tamamilə darmadağın edib. Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində son 10 ayda rayonda yenidənqurma və abadlıq işləri aparılaraq ermənilərin xarabaxanaya çevirdiyi bir şəhər yenidən qurulub.
Horadiz şəhərində yenidənqurma işləri çərçivəsində küçə və prospektlər, o cümlədən kəndlərdə abadlıq işləri aparılıb. Dövlət vəsaiti hesabına 30 km uzunluğunda kənd yolları yenidən çəkilib. Rayonda əhalinin asudə vaxtların səmərəli keçməsi üçün yeni park və istirahət mərkəzləri salınıb.
Horadiz şəhərində Heydər Əliyevin Fondunun vəsaiti hesabına 180 yerlik yeni məktəb binası və Gənclər evi tikilir. Bundan başqa Gecəgözlü kəndində 80 yerlik məktəb binası və Kərimbəyli kəndində 45 yerlik uşaq bağçasının tikintisi aparılır. Heydər Əliyev parkı, Heydər Əliyev mərkəzi, Şahmat məktəbi və Mədəniyyət evində tikinti işləri başa çatıb və bu yaxınlarda istifadəyə veriləcək.
Şəhərin gecə görüntüsünü dəyişmək üçün küçələrdə müasir işıqlanma sistemləri qurulub.
Qeyd edək ki, ermənilər tərəfindən viran qoyulmuş şəhərdə bu gün də yenidənqurma işləri davam edir. Dövlət Proqramı çərçivəsində müharibə dövründə dağılmış evlər yenidən bərpa edilərək köçkün həyatı yaşayan Füzulidən olan qaçqınlar mərhələli şəkildə geri qayıdır.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB