İlham Əliyev Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin təsdiq edilməsi haqqında fərman imzalayıb

İlham Əliyev Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin təsdiq edilməsi haqqında fərman imzalayıb

Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin təsdiq edilməsi haqqında fərman imzalayıb. SİA-nın məlumatına görə, fərmanda bildirilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin gəlirləri 10 697 030,6 min manat, xərcləri 10 561 304,0 min manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

1.1 Gəlir mənbələri: Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

Gəlirlərin məbləği (min manat) 10 365 432,0

2.2. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər - 3 342,8 min manat

2.3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər - 8 137,0 min manat

2.4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 319 218,8 min manat

2.5. Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar - 900,0 min manat

Cəmi 10 697 030,6 min manat

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi - 110 000,0 min manat

Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə transfert - 9 905 000,0 min manat

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi - 200 000,0 min manat

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi - 252 484,0 min manat

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi - 20 000,0 min manat

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 73 820,0 min manat

Cəmi - 10 561 304,0 min manat

4. "2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)" təsdiq edilsin.

5. "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası" təsdiq edilsin.

6. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin".


Bütün xəbərlər Facebook səhifəmizdə