Şirvanda Həmrəylik günü qeyd olunub

Şirvanda Həmrəylik günü qeyd olunub

Şirvan şəhərində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik gününə və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib. SİA-nın Aran bürosunun məlumatına görə, şəhər rəhbərliyi öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

İcra Hakimiyyətinin akt zalında dövlət himninin səslənməsi ilə başlanan tədbirdə İcra Hakimiyyətinin başçısı Mərdan Camalov çıxış edərək şəhərin bütün sakinlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edib.

\"Hər birinizə şəxsi həyatınızda və fəaliyyətinizdə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, daha böyük nailiyyətlər və uğurlar arzu edirəm\", - deyən şəhər rəhbəri vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabrın 16-da "Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" qərar qəbul etməklə Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhfə verib. O vaxtdan xalqımız, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız hər il 31 dekabrı Milli Həmrəylik günü kimi qeyd edir. Natiq ölkəmizdə diaspor işinin təşkili, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinin təşkil edilməsindən də söz açaraq xarici siyasətdə əldə olunan uğurlardan danışıb.

Bayram tədbirində Türk liseyinin direktoru İbrahim Akbaş, 2 saylı orta məktəbin direktoru Əminə Əliyeva və Gənclər və İdman İdarəsinin məsləhətçisi Əfqan Həsənov çıxış ediblər.

Sonda ölkə başçısı İlham Əliyevə təbrik məktubu ünvanlanıb.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə