Bəhruz Quliyev: \"Dövrün tələblərinə uyğun olaraq \"Səs\" qəzeti də daim yenilənir, müasir texnologiyalara yiyələnir\" - MÜSAHİBƏ
Azərbaycan mətbuatının tarixində xüsusi yeri olan \"Səs\" qəzetinin 4000-ci nömrəsi işıq üzü gördü. Azərbaycanın müstəqilliyini bərpa etməsindən 9 ay öncə fəaliyyətə başlayan \"Səs\" qəzetinin yaranma zərurəti və keçdiyi yolu necə xarakterizə etmək olar və digər suallarla qəzetin baş redaktoru Bəhruz Quliyevə müraciət etdik. Baş redaktor \"Səs\" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldiyini və qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirdiyini söylədi:
- 1990-1993-cü illərdə ölkəmizdə ictimai-siyasi durum olduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi, ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı, yüz minlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü. Ağır sosial-iqtisadi durum fonunda mətbuata qarşıda güclü senzura var idi. Etiraf olunmalıdır ki, belə bir çətin dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması ağlagəlməz dərəcədə inanılmaz bir iş idi. Bu, həm də böyük cəsarət və risk tələb edirdi. Lakin qəzetin yaradıcıları bu işin altına girdilər. Beləliklə, \"Səs\" ictimai-siyasi qəzeti 1990-cı ilin noyabrında \"Əlincə\" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçdi, 1991-ci il yanvarın 11-də dərc olunmağa başladı.
Həmin vaxt sırf siyasi-ideloji qəzet kimi fəaliyyətə başlamaq çətin idi. Çünki o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında Ulu Öndər Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı. Qəzetimiz həmin dövrdə mövcud olan hakimiyyətə qarşı müxalif mövqedə idi və haqlı olaraq bu mətbu orqanın qurucuları bütün Azərbaycan vətəndaşları kimi xalqımızın gələcək taleyini böyük tarixi şəxsiyyət Heydər Əliyevlə birgə görürdülər. O dövrdə Ulu Öndərə rəğbətin ifadə edilməsi olduqca təhlükəli idi. Həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəfli bir missiyanı öz üzərinə götürdülər. Qəzetin 1991-1993-cü il saylarında Ulu Öndər Heydər Əliyevin müsahibələrini və Onun haqqında məqalələri, həmçinin, ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edirdi. Qəzet Ulu Öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək, ölkə ictimaiyyətinə çatdırırdı.
- \"Səs\" qəzeti həm də YAP-ın bazası rolunu oynayıb və partiya yarandıqdan sonra da onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, \"Səs\" qəzeti ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının ideoloji-siyasi kursunu dəstəkləyib və təbliğ edib. Təsadüfi deyildi ki, 1992-ci ilin oktyabrında ölkə ziyalıları xalqın iradəsini ifadə edərək Ümummilli Lider Heydər Əliyevə \"Səs\" qəzeti vasitəsilə müraciət etdilər. Ulu Öndərimiz əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyin qorunub-saxlanılması strategiyasını açıqladı. Bizim üçün şərəflidir ki, bu cavab da məhz \"Səs\" qəzetində dərc olundu. Ulu Öndər hakimiyyətə gəldikdən sonra bütün kütləvi informasiya vasitələri kimi \"Səs\" qəzeti də öz fəaliyyətini normal şəkildə davam etdirdi və həm Ulu Öndərin, həm də YAP-ın fəaliyyəti haqda cəmiyyəti məlumatlandırmaq missiyasını üzərinə götürdü. Məhz buna görə, Ulu Öndər Heydər Əliyev YAP-ın 10 illik yubileyindəki çıxışında \"Səs\"i Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə edərək demişdi: \"\"Səs\" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. \"Səs\" qəzeti cəsarətlə, çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. \"Səs\" qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində, məlumatlandırılmasında çox böyük rolu olub. \"Səs\" qəzeti tarixə düşmüş bir qəzetdir\".
Bu gün birmənalı mövqe ondan ibarətdir ki, Ümummilli Lider Heydər Əliyev başqa sahələrdə çalışanlarla yanaşı, jurnalistlərin fəaliyyətini də stimullaşdırmaq məqsədilə dəfələrlə müxtəlif tapşırıq və tövsiyələr verib. Azad sözün inkişafı naminə müxtəlif sərəncamlar imzalayıb və mətbuatın inkişafı üçün münbit şərait yaradıb. Bunun nəticəsidir ki, neçə-neçə yaşlı jurnalist Prezident təqaüdünə təqdim olunub, qəzetlərin nəşriyyata olan borcları dondurulub, həmkarlarımız təltif olunublar. Məhz bunun nəticəsidir ki, Ulu Öndər Heydər Əliyev KİV tərəfindən \"Mətbuatın dostu\" adına layiq görülüb. Bu, həqiqətdir və real durumu əks etdirir. Ulu Öndər Heydər Əliyev mətbuata tolerant yanaşan, azad fikirli və demokrat bir insan idi. Onun siyasi kursu bu gün cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hamınıza məlumdur ki, Prezident İlham Əliyev bu gün mətbuatın inkişafı üçün lazımi addımlar atır, tapşırıqlar və sərəncamlar verir.
- \"Səs\" qəzetinin bugünkü fəaliyyəti və əldə etdiyi uğurlar barədə nə deyə bilərsiniz?
- \"Səs\" bu gün də YAP-ın siyasi kursuna, daşıdığı dəyərlərə sadiqdir və daim bu amal uğrunda çalışır. Bundan başqa, qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri də öz səhifələrində işıqlandırır. Eyni zamanda, qəzetimiz dövlətimizin həyata keçirdiyi siyasətin ictimai rəyə təqdim olunması, obyektiv olaraq bu siyasətin xalqa çatdırılmasında fəal iştirak edir. Çalışırıq ki, həmişə obyektiv, peşəkar və dövrün tələblərinə uyğun fəaliyyət göstərək. Hazırda qəzet gündəlik 5 min tirajla nəşr olunur, redaksiya heyəti 40 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postlarımız var. Qəzetin internet saytı (ses-news.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlıların qəzeti oxuması imkanı var. Dövrün tələblərinə uyğun olaraq, \"Səs\" qəzeti də daim yenilənir, müasir texnologiyalara yiyələnir. 2 ildən çoxdur ki, qəzetin bazası əsasında yaradılmış \"Səs\" İnformasiya Agentliyi fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütamadi izlədikləri bir internet resursuna çevrilib. Bu günlər isə \"SİA\" ilə Misirin \"Əl Gümhuriyyə\" qəzeti arasında qarşılıqlı əməkdaşlıq haqqında razılaşma imzalamışıq. Eyni zamanda, \"Səs\" internet televiziyası (SESTV.az) fəaliyyət göstərir. Şübhəmiz yoxdur ki, \"Səs\"in kollektivi bundan sonra da yeni informasiya texnologiyalarını mənimsəmək sahəsində qarşıya çıxan həlli vacib çoxsaylı vəzifələrin də öhdəsindən bacarıqla gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB