Azərbaycan NATO-ya yük daşımalarında Gürcüstanı əvəz edəcək

Azərbaycan NATO-ya yük daşımalarında Gürcüstanı əvəz edəcək

NATO koalisiyası üçün Əfqanıstana yük daşımalarında Gürcüstanın \"Sky Georgia\" şirkətini Azərbaycan əvəz edəcək. Bu barədə gürcü şirkətinin başçısı Georgi Kodua bildirib.

\"Qruziya-Onlayn\"a istinadən SİA məlumat yayıb ki, Georgi Koduanın sözlərinə görə, onun şirkətinin problemləri ilə bağlı olaraq \"Azərbaycan yardım əlini uzadıb\".

\"Hazırda daşımalar Azərbaycan bayrağı altında uçan təyyarələrlə gerçəkləşdirilir\", - deyə o vurğulayıb.


\"Ticari gəlir də Azərbaycana gedir, bizim iqtisadiyyat isə zərər görür\", - deyə Kodua bildirir. O, əmin olduğunu bildirib ki, Gürcüstan İqtisadiyyat Nazirliyi onun şirkətinin iş icazəsini bərpa edəcək. Hələliksə, şirkətin NATO üçün yük daşıması gerçəkləşdirən beş təyyarəsi dünyanın müxtəlif ölkələrində boş dayanır.


Gürcüstanın iqtisadiyyat naziri Vera Kobaliya isə daha öncə \"Sky Georgia\" şirkətinə NATO üçün Rusiyanın \"İl-76\" təyarələrində yük daşımağı qadağan edib və bildirib ki, \"onlar texniki baxımdan yararlı deyillər\".


\"Sky Georgia\" Avropadan Əfqanıstana bu modifikasiyalı təyyarələrlə 2009-cu ildən yük daşıyır. Bu il noyabrın 1-dən gürcü aviaşirkəti reyslərini dayandırıb.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə