Asəf Hacıyev: \"Artıq Azərbaycanda həyata keçirilən siyasət dünya ölkələri tərəfindən qəbul olunur\" - MÜSAHİBƏ (SəsTV)

Yeni Azərbaycan Partiyası (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyevin SəsTV-yə müsahibəsi



- Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə təşkil olunan "Modelləşdirmə siyasəti: Yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən konfransın məhz Azərbaycanda keçirilməsinin məqsədi nə idi?


- Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri ildən-ilə genişlənir və çoxşaxəli xarakter alır. İstər ölkəmiz, istərsə də qlobal miqyasda baş verən ən mühüm hadisələr daim Yeni Azərbaycan Partiyasının diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Bu baxımdan tədbir yalnız partiyamızın və ölkəmizin ictimai-siyasi həyatı üçün deyil, beynəlxalq miqyasda əhəmiyyətlidir. Ilk öncə onu qeyd edim ki, konfransdan bir gün əvvəl Avropa Xalqları Partiyasının prezidenti cənab Vilfred Martensin \"Avropa: "Mən mübarizə aparıram, mən qalib gəlirəm" kitabının təqdimat mərasimi oldu. Bu gün Avropa Xalqları Partiyası Avropa parlamentnidə ən böyük fraksiyaya malik olan partiyadır. Bu quruma hakim partiyalar daxildir. Avropanın aparıcı ölkələrində hakimiyyətdə olan bütün partiyalar bu qrupa daxildir. Belçikanın çətin dövrlərində 8 dəfə bu ölkənin baş naziri olan prezident Vilfred Martensinin Azərbaycana gəlməsi çox önəmli hadisə idi. Bir neçə aparıcı ölkələrin vitse-spikerləri, millət vəkilləri, baş nazirləri və digər rəsmi nümayəndələri konfransa təşrif buyurmuşdular. Məlum olduğu kimi, modernləşmə yaşadığımız XXI əsrin mühüm çağırışlarından olub, keyfiyyətcə yeni iqtisadi və sosial konyukturanı şərtləndirməkdədir. Dünya ölkələri arasında mövcud olan sosial-iqtisadi inkişaf fərqləri özü ilə bərabər mövcud problemlərə yeni yanaşma tərzi tələb edir. Yoxsulluq, işsizlik, beynəlxalq terrorizm, etnik separatçılıq, ekoloji problemlər, sürətli inkişaf prosesini yaratdığı və həlli vacib olan məsələlərdir. Tədbirin məqsədi bütün bu problemlərə işıq salmaq, onların həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulamaq və ölkələr arasında tərəfdaşlıq münasibətlərini genişləndirməkdir. Yeni Azərbaycan Partiyasının təşkilatçılığ ilə həyata keçirilən tədbirdə 4 qitənin 33 ölkəsindən, o cümlədən Çin, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, İtaliya və s. kimi nüfuzlu dövlətlərdən 60-dan çox nümayəndə iştirak edib. Belə bir toplantıya böyük siyasətçilərin qatılması onu təsdiq edir ki, artıq Azərbaycanda həyata keçirilən siyasət dünya tərəfindən qəbul olunur.



- Konfransın Yeni Azərbaycan Partiyasının dünyanın siyasi arenasındakı mövqeyinin möhkəmlənməsi kimi qiymətləndirmək olarmı?


- Ilk öncə qeyd edim ki, cənab Vilfred Martensinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə müxtəlif məsələlər müzakirələr olub. Konfransın adından da bəlli olduğu kimi, bizim məqsədimiz müasir bir dövlət qurmaqdan ibarətdir. Müasir dövlət dedikdə ilk növbədə burada insan hüquqları, demokratik proseslər inkişaf etməlidir. Bizim əsas məqsədimiz neft kapitalını insan kapitalına çevirməkdir. İnsan kapitalı dedikdə isə intellektual işdən, elmdən söhbət gedir. 2011-ci ildən keçən ilə nisbətən Azərbaycanda informatika komunikasiya texnologilyaları sektorunda artım 32 faizi keçib. Bu dünya üçün görünməyən bir göstəricidir. Azərbaycan dövlətinin büdcəsində informatika komunikasiya texnologilyalarına ayrılan vəsait günü-gündən artmaqdadır ki, bu sahə ən çox gəlir gətirən sahədir. Əfsuslar olsun ki, bir müddət əvvəl ən çox gəlir gətirən sahə narkotik və silah idisə, hal-hazırda ən çox gəlir gətirən sahələr informatika komunikasiya texnologilyaları sahəsidir. Hətta dünyanın ən varlı insanları da məhz bu sahədə çalışanlardır. Sözsüz ki, biz də təbii sərvətlərimizdən lazımınca istifadə edirik. Bu sahədən əldə olunan gəlir Azərbaycanın inkişafına xidmət edir.



- Partiyanın iştirakı və təşəbbüsü ilə növbəti belə tədbirin keçirilməsi nəzərdə tutulurmu?


- Partiyamızın bu sahədə keçirdiyi ilk tədbir deyil. Qarşıdan gələn il YAP üçün daha da uğurlu olacaq. 2012-ci ilin iyul ayında Asiya Siyasi Partiyalarının daimi komitəsinin Azərbaycanda konfransı olacaq. Noyabr ayına isə bu təşkilatın Baş Assambleyasının toplantısı Azərbaycanda keçiriləcək. Bu tədbirə təxminən 400-450 siyasətçi qatılacaq. Bu rəqəmdən də göründüyü kimi Azərbaycan Asiyada kiçik bir dövlət olmasına baxmayaraq böyük layihələrə imza atır. Bu tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda olan iqtisadi inkişafı dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə