"Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir"- İlham Əliyev.
"Balkanların ləyaqətli dostu"
Bu yazımızı mövzumuza uyğun yeni və maraqlı bir xəbərlə başlamağı qərara aldıq. Məlum olduğu kimi, dekabrın 18-də Serbiyada fəaliyyət göstərən və təsisçisi dünya şöhrətli idmançı, Serbiya Olimpiya Komitəsinin sədri Vlade Divats olan nüfuzlu "Ana və Vlade Divats" Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Balkan ölkələrində bir sıra mühüm humanitar layihələrin həyata keçirilməsində göstərdiyi birbaşa dəstək, qayğı, diqqət və xüsusi xidmətlərinə görə 2011-ci ilin "Balkanların ləyaqətli dostu" mükafatı ilə təltif edib.
Fondun qəbul etdiyi qərarda deyilir: "Azərbaycan və Balkan ölkələri arasında hərtərəfli münasibətlərin inkişafında əvəzsiz töhfəyə, Azərbaycan və Balkan xalqlarının yaxınlaşmasında xüsusi xidmətlərinə, Belqraddakı "Taşmaydan" parkının və "Bayraklı Cami" məscidinin abadlaşdırılması və təmirinə, Novi Sadda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin memorial kompleksinin yaradılması və "Müqəddəs Petka" Kilsəsinin tikintisinə, Novi Pazar Mədəniyyət Evinin bərpasına, Sarayevoda "Bakı" küçəsi və "Dostluq parkı"nın bərpası və abadlaşdırılmasında göstərdiyi hərtərəfli dəstək və yardıma, Belqradda yerləşən Körpə, uşaq və yeniyetmələrin rifahı Fondu nəzdində fəaliyyət göstərən ana və uşaq stasionarına və Voyevodina diyarında məskunlaşan qaçqınlara, həmçinin, Monteneqroda leysan yağışlarından zərər çəkmiş Virpazar qəsəbəsinin sakinlərinə göstərilmiş humanitar yardıma, məşhur serb yazıçısı Milorad Paviçin "Xəzər luğəti" kitabının Azərbaycan dilində çap edilməsində göstərdiyi hərtərəfli dəstəyə, Bakıda dünya şöhrətli serb alimi Nikola Teslanın heykəlinin ucaldılmasına dair qəbul etdiyi qərara, müxtəlif mədəniyyətlərin yaxınlaşmasında göstərdiyi xidmətlərə, humanizm, şəfqət, həmçinin digər dinlərə münasibətdə parlaq nümunə ola biləcək göstərdiyi tolerantlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Balkanların ləyaqətli dostu" beynəlxalq mükafatı ilə təltif olunur\".
Qeyd edək ki, Vlade Divats və onun həyat yoldaşı Ana Divats tərəfindən 2007-ci il iyunun 28-də yaradılmış "Ana və Vlade Divats Fondu"nun fəaliyyətinin əsas istiqaməti Serbiya və digər Balkan ölkələrində sosial, humanitar layihələrin həyata keçirilməsi və idmanın inkişafıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ana və Vlade Divats" Fondu tərəfindən 2011-ci ilin "Balkanların ləyaqətli dostu" mükafatı ilə təltif olunması Balkan ölkələrində yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz tərəfindən yüksək ruh və qürur hissi ilə qarşılanıb və onların sevincinə səbəb olub.
Dünya liderlərindən biri
Azərbaycan Prezidenti İlham Əliyevin tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan olunması Onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir. Azərbaycan liderinin dünyanın nüfuzlu liderləri siyahısına salınması son vaxtlar daha tez-tez olur. Nüfuzlu beynəlxalq təşkilatların hesabat və sorğularında daim Azərbaycan Prezidenti liderlər sırasına düşür.
2008-ci ildə İlham Əliyev "WorldPublicOpinion.org"un sorğusunda Yaxın Şərq üzrə regional lider seçildi. "WorldPublicOpinion.org" dünya liderlərinin reytinqi ilə bağlı tədqiqatına görə, 20 ölkədə 20 minə yaxın respondent arasında keçirilmiş reytinq sorğusu nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq üzrə regional lider seçilib. Belə ki, o, çox nüfuzlu dövlət başçılarını geridə qoydu.
Bundan sonra Azərbaycan Prezidenti bir neçə dəfə beynəlxalq təşkilatlar tərəfindən "İlin adamı" elan olunub, Ona müxtəlif ölkələrin ali mükafatları təqdim olunub. Azərbaycan lideri Rusiyada, Ruminiyada, Kanadada nüfuzlu beynəlxalq qurumlar tərəfindən "ilin adamı" adına layiq görülüb. Bütün bunlar təbii ki, İlham Əliyevin həm ölkədə həyata keçirdiyi siyasətə, həm də beynəlxalq fəaliyyətinə görə verilib.
Bunlar, təbii ki, İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurudur. Son illər Azərbaycanda müşahidə oluanan siyasi, iqtisadi və digər proseslər ölkəmizdə bütün sahələr üzrə sürətli inkişafın, milli maraqların, bəşəri ideyaların və demokratik prinsiplərin əksər dövlətlər üçün bir nümunə ola biləcəyini deməyə əsas verir.
İqtisadi, siyasi, demokratik islahatlar sahəsində qazanılmış uğurlar, ölkəmizin liderlik zirvəsini qoruması bunu təsdiqləyən başlıca amildir. Ölkəmizin gələcəyi təkcə iqtisadi amillərlə ölçülmür. Əgər Azərbaycanda müasir siyasi sistem yaranmasa, əgər demokratik prinsiplər tam şəkildə bərqərar olunmasa, bizim uğurlarımız müvəqqəti xarakter daşıyacaq"-deyən Prezident İlham Əliyev iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmasının bugünkü uğurlarda mühüm rol oynadığını bir daha diqqətə çatdırır.
Prezident İlham Əliyev dünya səviyyəsində Azərbaycanın söz sahibi olduğunu, həmçinin XXI əsrdə dövlətlərin böyüklüyünün, yaxud kiçikliyinin fərq etmədiyini, dövlətin müstəqil siyasət yeridə bilməsinin əsas olduğunu ortaya qoydu.
Azərbaycanın xarici siyasətində balanslaşdırma ana xətdir. Ona görə də əksər ölkələr tərəfindən Azərbaycanın bu uğurları dəstəklənir. Az vaxtda nümunəvi dövlət modelinin yaradılmasını dünyanın nüfuzlu liderləri təqdir edirlər.
Demokratiyanın qarantı
Demokratik cəmiyyətin mövcudluğunu şərtləndirən amillərin ölkədə bərqərar olmasına çalışan dövlətimizin bu istiqamətdə atdığı addımlar göz önündədir. Azərbaycan sivil dəyərlərə sadiqliyini sözdə deyil, əməli işdə dünyaya nümayiş etdirir.
Dünyada demokratiyanın əsas göstəricilərindən biri də söz və mətbuat azadlığının səviyyəsidir. Bu gün ölkəmizdə azad mətbuatın inkişafı uçun normal şərait yaradılıb. Dövlət başçısı həmişə vurğulayır ki, insan hüquq və azadlıqlarının, o cümlədən fikir azadlığının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.
Söz və mətbuat azadlığının ölkəmizin demokratik inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən ölkə Prezidenti eyni zamanda jurnalistlərin peşə etikasından kənara çıxmayacaqlarına, peşəkarlıq səviyyələrini artıracaqlarına, milli-mənəvi dəyərlərə, insanların şərəf və ləyaqətinə hörmətlə yanaşacaqlarına ümid etdiyini bildirir.
Dövlətimizin humanizm siyasətini yüksək dəyərləndirən beynəlxalq birlik imzalanan əfv fərmanlarını demokratik inkişaf yolunda atılan addım kimi təqdir edir. Bu fikir hər zaman qeyd olunur ki, Azərbaycan dövləti siyasətində insan amilinə yüksək dəyər verir.
Demokratik cəmiyyətin başlıca amillərindən biri də ölkədə çoxpartiyalı sistemin yaradılmasıdır. Ölkəmizdə 50-dan çox siyasi partiya qeydiyyatdan keçib. Hazırda günün əsas müzakirə mövzularından biri də "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsidir. Həmin dəyişikliklərdən ən başlıcası partiyaların dövlət tərəfindən maliyyələşməsidir.
Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiqlənən "Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası", eyni zamanda "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsini daha da aktuallaşdırdı.
Vətəndaş cəmiyyətinin təminatçısı
Demokratiyanın vacib elementlərindən biri də sivil mübarizədir. Yəni, hər siyasi partiya ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinə qatılmaqla hansı nüfuza, siyasi çəkiyə malik olduğunu nümayiş etdirir. Demokratik seçkiləri hər bir dövlətin mütərəqqi inkişafının əsası kimi dəyərləndirən dövlətimiz seçki marafonlarının ədalətli, sivil, Avropa standartlarına uyğun keçirilməsi istiqamətində mühüm addımlar atır.
"Əlbəttə ki, müasir ölkə olmaq üçün biz istər iqtisadi, istər siyasi və demokratik inkişaf sahəsində dünyada mövcud olan ən müsbət təcrübəni Azərbaycanda təbiq etməliyik"-deyə İlham Əliyev qeyd edir. Seçki praktikasının ildən-ilə təkmilləşməsi, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi də ölkə Prezidenti İlham Əliyevin bu fikrinin reallığa söykəndiyini təsdiqləyir.
Seçki Məcəlləsinə və Sərbəst toplaşma azadlığı haqda Qanuna dəyişikliklərlə bağlı mühüm işlər aparılıb. Bu həmin qanunların daha da təkmilləşdirilməsinə, ölkədə hər cür azadlıqların təmin olunacağına dövlət qarantiyası verilməsinə əyani sübutdur.
Azərbaycanda insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Demokratik təsisatlar möhkəmləndirilir. Söz və mətbuat azadlığı, din azadlığı var. Bütün bunlar ölkədə ictimai-siyasi sabitliyə rəvac verir. Vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi sahəsində ciddi addımlar atılır.
Azərbaycanın demokratik inkişaf baxımından bölgə dövlətlərinə nümunə olduğunu şərh etməyə ehtiyac yoxdur. Ermənistandakı mövcud duruma diqqət yetirmək kifayətdir ki, Azərbaycanın doğru yolda olduğunu anlayasan.
Avropaya inteqrasiyanın lideri
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz müxtəlif beynəlxalq təşkilatlara könüllü şəkildə üzv qəbul olunub. Məqsəd meyarlarımızı Avropa dəyərlərinə uyğunlaşdırmaqdır. Beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirən dövlətimiz eyni zamanda atdığı hər bir addımında, siyasətində müstəqil olduğunu da nümayiş etdirir.
Azərbaycan dövlət olaraq bölgədə getdikcə daha möhkəm mövqeyə malik olur. Onun beynəlхalq nüfuzu möhkəmlənir. Dünya başa düşür ki, Azərbaycan dövlət olaraq daha sivil və demokratik yol tutub.
Ölkənin iqtisadi qüdrətinin artması ilə yanaşı olaraq geosiyasi əhəmiyyəti də yüksəlir. Хüsusilə Ön Asiyada və Şərqi Avropa məkanında baş verənlər Azərbaycanın vacibliyini önə çəkir. Orta Asiyaya gedən yol da Azərbaycandan keçir. Bunlar təbii ki, ölkəmizin geosiyasi çəkisini artırır.
İlham Əliyevin хarici siyasətdə nümayiş etdirdiyi qətiyyətin təməlində daхili sosial-iqtisadi sabitliyin mövcudluğu əsas rol oynayır. Ölkənin bütün sahələrinin inkişafı cəmiyyəti motivasiya edir və ölkə rəhbərliyinin aktiv surətdə хarici siyasət yeritməsinə şərait yaradır.
Azərbaycan Prezidentinin çoх fəal хarici siyasəti buna əsaslanır. Postsovet məkanında хarici siyasətdə onun qədər fəal olanı yoхdur. Azərbaycan Prezidentinin bu fəal хarici siyasəti ölkənin sosial-iqtisadi inkişafının yüksək tempi ilə müşayiət olunub.
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi.
İnkişaf modelinin yaradıcısı
Son 8 ildə ölkəmizdə bütün sahələrin böyük inkişaf tempi müşahidə olunub. Bu temp Azərbaycanı dünyada inkişaf tempi üzrə liderə çevirib. Ölkəmizin makroiqtisadi göstəricilərinin yüksəkliyi də beynəxalq imicimizin möhkəmlənməsinə təsir edir. Bu gün Azərbaycan 40 milyardlıq strateji valyuta ehtiyatları, 20 milyardlıq dövlət büdcəsi, 45 milyardlıq ÜDM- i ilə dünya iqtisadi məkanında güclü dövlət kimi tanınır.
Deməli, konkret olaraq хarici siyasətin təməlində daхili siyasətin uğuru durur. Azərbaycan dövlət quruculuğunda yeni şəraitə qədəm qoydu. Bunun bəhrələri aydınlığı ilə görünməkdədir. Qlbal iqtisadi böhran şəraitində inkişaf tempini davam etdirən çox az sayda ölkədən biri də Azərbaycandır. Beynəlxalq təşkilatların hesabat və proqnozlarına görə, Azərbaycan MBD və dünyada ən inkişafda olan ölkələrdən biridir.
Bu dövrdə Azərbaycanın iqtisadi uğurları daha da böyüdü. İqtisadi inkişafına görə, dünyada lider dövlət olan Azərbaycanın dövlət büdcəsi, valyuta ehtiyatları, ölkəmizə sərmayə qoyuluşlarının həcmi artdı. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası "Duing business" hesabatında Azərbaycanı 2008-ci ilin ən islahatçı ölkəsi elan etdi.
Son 8 ildə ölkədə 1 mln yeni iş yeri açıldı, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə düşdü, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində dövlət proqramları icra edildi. Azərbaycanda qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu.
Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Bu məsələ regionların sosial-iqtisadi inkişafı dövlət proqramının birinci və ikinci mərhələsində yetərincə əksini tapdı.
Nəhəng infrastruktur layihələrinin- Olimpiya idman-komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə nəqliyyat sisteminin yenidən qurulması Azərbaycanın dünyaya çıxışını təmin etdi.
Azərbaycanın son illərdə bölgə siyasətində ardıcıl və qətiyyətli mövqe tutması indi öz bəhrəsini verməkdədir. Geosiyasi gedişlərin intensivləşməsi ölkəmizin mövqeyinə müsbət təsir göstərir. Son proseslər də bu istiqamətdə səylərin sürətləndiyini əks etdirməkdədir. Bu mövzuda daha önəmli görünən məqamlar var ki, onlar hadisələrin gələcək gedişatına ciddi təsir edə bilərlər.
Heydər Əliyev kursunun layiqli davamçısı
"Biz müstəqil dövlətik, öz taleyimizi özümüz həll edirik"-deyən Prezident İlham Əliyev atılan hər bir addımın əsasında ölkənin uğurlu gələcəyinin dayandığını diqqətə çatdırır. 2000-ə yaxın məktəbin tikilməsi isə təhsil sistemində ən uğurlu islahat kimi tarixə düşdü. Bu addımlar Azərbaycanın böyük gələcəyini indidən təmin edib.
İlham Əliyevin xalqımıza verdiyi söz müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrilib. İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlində onun Heydər Əliyev siyasətinə sadiqliyi dayandır. Onun dövlət başında olduğu son 8 il Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafla, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır.
"Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Ancaq müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən daha asandır. Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil ölkədir, biz həm daxildə, həm də xaricdə müstəqil siyasət aparırıq. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir.
Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir"- İlham Əliyev öz fikrini açıq ifadə edib.
Bu gün Azərbaycanda aparılan siyasət Heydər Əliyev siyasi kursunun davamıdır və yeganə düzgün siyasətdir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycanı xoş gələcəyə aparır. Bunu görməmək, qiymətləndirməmək və buna sevinməmək sadəcə olaraq mümkün deyil. Bunun üçün sadəcə, azərbaycanlı olmaq yetər.
Bu yazını isə, Prezident İlham Əliyevin xalqa verdiyi sözlə bitirmək istərdik- "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da ləyaqətlə xidmət edəcəyəm".
Biz isə bu yazıda həmin sözə necə əməl edildiyini göstərməyə çalışdıq. Qoy oxucu özü qərar versin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB