Bakıda MDB-nin 20 illiyi qeyd edilib - TƏDBİR

Bakıda MDB-nin 20 illiyi qeyd edilib - TƏDBİR

Çərşənbə günü Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində MDB-nin yaranmasının 20 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib. Tədbir Rusiya Əməkdaşlıq Təşkilatının nümayəndəliyi və Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.


Tədbirdə MDB ölkələrinin diplomatik nümayəndəliklərinin, Azərbaycanın dövlət və ictimai təşkilatlarının təmsilçiləri, Milli Məclisin deputatları və politoloqlar iştirak ediblər.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin sözlərinə görə, bu gün MDB formatının düzgün qiymətləndirilməsindən bu təşkilata daxil olan dövlətlərin gələcəyi asılıdır.

"Rusiya üçün MDB formatından vacib heç nə yoxdur. Belə ki, təşkilatın 20 il mövcudluğu bizim üçün məktəb olub və hazırda bizim təşkilata yanaşmamız daha kamildir. Bu gün Rusiya təşkilata daxil olan ölkələrin müstəqilliyinə hörmət edir", - Doroxin qeyd edib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycanın ikitərəfli münasibətləri MDB daxilində bir neçə layihədə müxtəlif baxışlara baxmayaraq, mükəmməl olaraq qalır. Belə ki, Rusiya Azərbaycanın suverenliyinə hörmət edir.


Qazaxıstanın səfiri Serik Primbetovun sözlərinə görə, MDB keçmiş sovet ölkələrinin əlaqələri, o cümlədən dinlərarası əməkdaşlığı qorumaq zərurətinin nəticəsdir.


Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyovun fikrincə, MDB SSRİ-də olan müsbət şeylərin konservasiya alətidir, bu qisimdə MDB öz rolunu oynamaqda davam edir: "Bu gün MDB ölkələrini iqtisadi, geosiyasi və strateji maraqlar bağlayır və bu baxımdan təşkilat dialoq sahəsinin vacib rolunu oynayır".


Milli Məclisin deputatı Asim Mollazadə hesab edir ki, MDB-nin bütün üzv ölkələrinin müstəqilliyi baş tutub: "Bu gün biz SSRİ-nin dağılmasının 20 illiyindən daha çox, müstəqilliyin əldə edilməsinin yubileyini qeyd edirik. MDB-nin bir çox uğursuzluğunun əsasında hərbi təcavüzlər dayanır. Bu təcavüzlərin qurbanları Azərbaycan, Moldova və Gürcüstan olub. Müsbət məqamlara vizasız rejimi, eləcə də dövlət başçılarının ünsiyyət üslubunu, MDB çərçivəsində təşkilatların qarşılıqlı fəaliyyətini, məsələn, parlament assambleyası və müntəzəm görüşlər institutunu aid etmək olar".


Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçin fikrincə, faciə ondadır ki, MDB məkanında insanlar ölür, lakin bu, MDB-nin fəaliyyətinin nəticəsi deyil, SSRİ-nin dağılmasının nəticəsidir: "MDB ölkələrin xilas olmağa çalışdığı saldır və biz hazırda dialoq apara biləcəyimiz bu meydançanın qədrini bilməliyik".


Müstəqil Dövlətlər Birliyi (MDB) əvvəllər SSRİ-nin tərkibinə daxil olan ölkələr arasında əməkdaşlıq münasibətlərini tənzimləmək məqsədilə yaradılan regional beynəlxalq təşkilatdır. MDB dövlətüstü təsisat deyil, könüllü əsasda fəaliyyət göstərir.


MDB Belarus, Rusiya Federasiyası və Ukrayna dövlət başçıları tərəfindən 1991-ci il dekabrın 8-də Brest (Belarus) yaxınlığında Viskulda (Belovejsk meşəliyi) "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında saziş"in imzalanması ilə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə