Azərbaycanda “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda konfrans keçirilir - YENİLƏNİB (FOTOSESSİYA)

Azərbaycanda “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda konfrans keçirilir - YENİLƏNİB (FOTOSESSİYA)

Bu gün Gülüstan sarayında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə \"Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar\" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, konfransın açılışında çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, müstəqillik əldə edildikdən sonra Azərbaycan inkişaf baxımından böyük nailiyyətlər əldə edib. O qeyd edib ki, ən böyük nailiyyətlərdən biri də Azərbaycanın 2008-ci ildə dünyada baş verən iqtisadi və maliyyə böhranından özünü qoruması oldu."Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsi olan yoxsulluq Azərbaycanda 49 faizdən 8 faizə endirilib. Bu dəyişikliklər bir yandan ölkədə həyata keçirilən böyük layihələrlə bilavasitə əlaqədardır, ikinci tərəfdən isə bütün bunların hamısı Azərbaycandakı sosial siyasətin və formalaşmış sosial modelin nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır", - deyə o əlavə edib.

Əli Əhmədov deyib ki, iqtisadi və maliyyə böhranı dünyanın ciddi sosial dəyişikliyə uğramasına gətirib çıxarıb: "Bu zəmində hazırda dünyanın maliyyə resurslarına iddiaçıların sayı da çoxalıb. İqtisadi böhran aradan qalxsa da onun fəsadları hələ də mövcuddur. Lakin bu fəsadları Azərbaycana şamil etmək olmaz. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, Azərbaycanda bütün bu inkişafı Azərbaycan ərazisinin yalnız 80 faizində müşahidə etmək mümkündür. Ərazilərin digər 20 faizində isə həyat demək olar ki, dayanıb".

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan prezidentinin konfrans iştirakçılarına ünvanladığı məktubunu oxuyub. Məktubda deyilir: \"Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Bakı şəhərində \"Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar\" mövzusunda beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayıram. XXI əsrin ilk onilliyi cəmiyyətin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu ortaya çıxarmış oldu. Hamılıqla etiraf olunmaqdadır ki, bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişafı və firavanlıq içində yaşaması bugünki çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Bu səbəbdən dünyanın 30-dan çox ölkəsindən gələn nümayəndələrin iştirakı ilə sözügedən çağırışlar ətrafında fəal dialoqun təşkil edilməsini təqdirəlayiq hadisə hesab edirəm. Azərbaycanın dövlət müstəqilliyinin bərpa etməsinin 20 illiyi bu yaxınlarda qeyd olundu. Yeni iqtisadi və sosial çağırışlara dair fakir mübadiləsi aparmaq niyyəti ilə Bakıya toplaşan siyasətçilər, alimlər, ictimai xadimlər ölkəmizdə həyata keçirilən islahatlar və onların nəticələrini əyani olaraq görmək imkanına malikdir. Müasirləşmək, yeniləşmək siyasətimizin əsas mənasını, bizi inkişafa aparan yolun baş xəttini təşkil edir. Azərbaycanın \"Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar\" mövzusunda müzakirələrin aparılması üçün uğurlu məkan hesab etmək olar. İnanıram ki, müxtəlif milli təcrübələr barəsində təqdimatlar müasir cəmiyyəti düşündürən problemlərin həllinə yönələn səylərə əhəmiyyətli dəstək ola biləcək. Konfrans iştirakçılarına faydalı müzakirələr, can sağlığı və xoş əhval ruhiyyə arzulayıram".

Sonra Latviyanın sabiq prezidenti, Latviya Seyminin üzvü Valdis Zatlers konfransın əhəmiyyəti haqqında danışaraq bildirib ki, burada dünyanın müxtəlif ölkələrindən iştirak edən nümayəndələrin modernləşmə siyasəti ilə bağlı fikir mübadiləsi aparmaları vacibdir. "Modernləşmə" anlayışının müasir dünyamızda çox geniş yayıldığını qeyd edən V.Zatlers yeni sosial və iqtisadi çağırışlara cavab verilməsi istiqamətində dünya dövlətlərinin qarşısında duran vəzifələrdən danışıb.

O, qeyd edib ki, dünyadakı iqtisadi böhran bütün ölkələrə müxtəlif formalarda təsir göstərib: "Bu baxımdan biz belə problemləri dəf etmək üçün biliklərimizi paylaşmalı, iqtisadiyyatı inkişaf etdirmək üçün islahatlar həyata keçirməliyik".

Filippin parlamentinin sabiq sədri, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının daimi komitəsinin həmsədri Jose de Venecia isə bildirib ki, hər bir ölkənin qarşısında duran əsas çağırışlardan biri iqtisadi problemlərin həll edilməsi, yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bu problemlər artıq həllini tapıb. Şərqi Asiyada modernləşmə prosesi haqqında ətraflı məlumat verən Jose de Venecia iqtisadiyyatın, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsinə diqqətin yetirilməsinin əhəmiyyətini vurğulayıb. Jose de Venecia dünyada mövcud olan münaqişələrin həllinin də vacibliyini qeyd edib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır".

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxışında Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar və bu islahatların nəticələrindən danışıb. Nazir qeyd edib ki, bu gün avrozonadakı qeyri-sabitlik dünya iqtisadiyyatı üçün problemlər doğurur. Son illər dünyada enerjiyə tələbatın artması və enerji mənbələrinin məhdudluğu bu sahədə müəyyən problemlər yaradır. Ş. Mustafayev deyib ki, bu gün Azərbaycan bölgədə həyata keçirilən bir sıra iqtisadi layihələrin təşəbbüskarı və icraçısıdır. Ermənistanın işğalçılıq siyasəti bu ölkəni regionda həyata keçirilən layihələrdən kənarda qoyub. Nazir deyib ki, son 7 ildə Azərbaycanda Ümumi Daxili Məhsul 3 dəfə artıb, inflyasiya birrəqəmli səviyyədə saxlanılıb, xarici ticarət dövriyyəsi 5,4 dəfə artıb, ölkənin xarici ticarət tərəfdaşlarının sayı 147-yə çatıb, Azərbaycan Cənubi Qafqazda investisiya reytinqi almış ilk ölkə olub. O, qeyd edib ki, bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 40 milyard dollardan artıqdır. Bu isə xarici borcu 8 dəfə üstələyir.

Qeyd edək ki, dörd plenar iclaslarda davam edəcək konfransda müxtəlif mövzularda müzakirələr olacaq, nümayəndə heyətləri yeni təqdimatlarla çıxış edəcəklər. Tədbirdə çıxış edən müxtəlif ölkələrdən olan qonaqlar öz ölkələrində həyata keçirilən iqtisadi, sosial modernləşmə proqramları barədə məlumat verib, mövzu ilə bağlı fikirlərini bölüşəcəklər.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə