“Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” saytının üç dildə təqdimatı olacaq

“Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” saytının üç dildə təqdimatı olacaq

Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın təşəbbüsü və təşkilatçılığı ilə hazırlanan "Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım" saytının təqdimatı olacaqdır. Sayt üç dildə - Azərbaycan, rus və ingilis dillərində hazırlanıb. SİA-nın xəbərinə görə, saytın hazırlanmasında məqsəd Azərbaycan həqiqətlərinin, xüsusilə tarix boyu ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq, habelə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, Azərbaycanın Ermənistanla həmsərhəd olan digər bölgələrində də (Qazax rayonunda) törətdikləri işğalçılıq və soyqırımı siyasəti barədə daha geniş məlumat təqdim etməkdir.

Saytın hazırlanmasında millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın və "Şərq" qəzetinin baş redaktoru, tədqiqatçı jurnalist Akif Aşırlının həmmüəllifi olduğu və dörd dildə nəşr olunmuş "Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım" kitabının və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun bu soyqırım üzrə materiallarından istifadə olunub.

Qeyd edək ki, 1990-cı il martın 23-dən 24-ə keçən gecə erməni silahlıları keçmiş Sovet ordusuna məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum edərək, mülki əhalinin insanlığa sığmayan işgəncələrlə qətlə yetirmiş, diri-diri yandırmış, soyqırımı törədib.

Saytın təqdimatı 23 dekabr tarixində Odlar Yurdu Universitetində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə