Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının IX konfransı keçirilib
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının IX konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilmiş YAP-ın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə keçdiyi yol müstəqil Azərbaycanın müqəddəratını təyin edən mühüm tarixi mərhələ olub.
Partiyanın yarandığı tarixi dövr Vətənimiz və xalqımız üçün аğır sınaqlar, fəlakətlər dövrü idi. Bu zaman Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən bütövlükdə xalqımızın yekdil arzusuna çevrilmişdisə, digər tərəfdən tarixin diktə etdiyi obyektiv zərurət idi. YAP qısa müddətdə Azərbaycan dövlətçiliyinin əbədi varlığının qarantı və istiqlaliyyətin başlıca təminatçısı olan siyasi qüvvə kimi 1993-cü ilin iyun ayında iqtidara gəlib. Ümummilli liderimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqilliyimizin möhkəmləndirilməsi və əbədi varlığı üçün bütün zəruri siyasi addımların atıldığı, müstəqil Azərbaycanın möhkəm bünövrəsinin qoyulduğu taleyüklü bir mərhələ kimi dəyərləndirilir. Ulu öndər Heydər Əliyev dərin siyasi zəkasının, zəngin və mükəmməl dövlətçilik təcrübəsinin məhsulu olan şah əsəri - müstəqil Azərbaycan Respublikasını gələcək nəsillərə miras qoyub. Hazırda ulu öndərin dövlətçilik siyasəti onun layiqli davamçısı, ölkə Prezidenti və Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Natiq vurğulayıb ki, yaşadığımız XXI əsrin ötən dövründə respublikamızda sosial-iqtisadi potensialın, ölkəmizin və onun bütün regionlarının hərtərəfli inkişafının təmin edilməsi, yoxsulluğun azaldılması, məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Cari ildə Azərbaycanda istehsal olunan ümumi daxili məhsul qonşu Gürcüstanı 11, Ermənistanı isə 18 dəfə üstələyir və ölkəmiz Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinə sahibdir. İqtisadi və hüquqi-siyasi islahatların bir-birini tamamlaması bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən inkişafın Azərbaycan modeli kimi qəbul edilib və inkişaf etməkdə olan bir çox digər ölkələr üçün də nümunə göstərilib.
Bildirilib ki, hazırda YAP Naxçıvan şəhər təşkilatının əhatə etdiyi 192 ilk təşkilatda 14010 üzvü vardır. Onların 7031 nəfərini qadınlar, 7321-ni 18-35 yaşlı gənclər təşkil edirlər. Hesabat dövründə partiya sıralarına 1920 yeni üzv qəbul olunub.
Sonra məruzə ətrafında çıxışlar olub.
Konfrans YAP Naxçıvan şəhər təşkilatının konfranslararası dövrdəki fəaliyyətini qənaətbəxş qiymətləndirmiş, təşkilati məsələlərə baxılıb.
Elman Cəfərli yenidən şəhər təşkilatının sədri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB