Strateji Araşdırmalar Mərkəzi(SAM) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə "Müstəqilliyin iyirmi illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
SAM-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra qazanılmış nailiyyətlərə, ölkədə həyata keçirilən sosial-siyasi, iqtisadi və mədəni islahatlara nəzər salmaq, gələcək inkişaf prioritetlərinə və ssenarilərinə baxışın müəyyən edilməsinə dair fikir mübadiləsi aparmaqdır.
Konfransın əsas müzakirə mövzuları - İqtisadi artım və yoxsulluğun azaldılması, İnsan İnkişafında nailiyyətlər və Minilliyin İnkişaf Məqsədləri, neft strategiyası – tətbiqi və gələcək planlar, davamlı inkişaf üçün nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, quruculuq naminə resursların istifadəsi, mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğunun növbəti addımları, biliklərə əsaslanan dövlət quruculuğu, qadınların cəmiyyətdə və iqtisadiyyatda bərabər tərəfdaşlığı, növbəti nəslin profili – gənclər Azərbaycanın gələcəyi üçün, çoxşaxəli iqtisadiyyatda məhsuldar aqrobiznes, artımın və ətraf mühitin mühafizəsinin balanslaşdırılması, qloballaşma və rəqabətli iqtisadiyyat şəraitində iş yerlərinin yaradılması, turizm – diversifikasiyanın aparıcı qüvvəsi, Azərbaycanın çoxşaxəli iqtisadiyyatına aparan yollar və s. məsələlər olacaqdır.
Tədbirə dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatlar və diplomatik korpus nümayəndələri, elm və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin, ölkənin aparıcı KİV-lərinin təmsilçiləri, yerli və beynəlxalq ekspertlər də daxil olmaqla 300 nəfər iştirakçı dəvət edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB