Allahşükür Paşazadə İrəvanda Serj Sarkisyanla görüşüb

Allahşükür Paşazadə İrəvanda Serj Sarkisyanla görüşüb

Ermənistan prezidenti Serj Sarkisyan MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda keçirilən iclasında iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni və Bütün Ermənilərin Katolikosu II Qaregini qəbul edib. "Armtoday.info"nun verdiyi məlumata görə, görüş zamanı Ermənistan prezidenti bütün dünyada dinlərarası razılığın rolunu yüksək qiymətləndirib, bölgədə tolerantlıq atmosferinin formalaşmasının vacibliyini qeyd edib və dini liderlərin bu işdə böyük rolunun ola biləcəyinə əminliyini vurğulayıb.


Sarkisyan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin və Bütün Ermənilərin Katolikosu II Qareginin Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərini alqışlayıb.


Görüş zamanı Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, sülhə doğru aparan istənilən yol dini xadimlərini sevindirir. O əmin olduğunu bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin səyləri nəticəsində problemi həll etmək mümkün olacaq. A.Paşazadə iki ölkənin dini liderlərinin buna yardım göstərməyə hazır olduqlarını bildirib. O vurğulayıb ki, indiyədək keçirdiyi görüşlərdə dəfələrlə müharibənin məsələnin həlli ola bilməyəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə