Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya İNTERPOL-un yadigar medalı təqdim edilib – FOTO

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya İNTERPOL-un yadigar medalı təqdim edilib – FOTO

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda səfərdə olan beynəlxalq polis təşkilatı – İNTERPOL-un baş katibi Ronald Noblun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


SİA-nın rəsmi dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fonduna gələn İNTERPOL-un nümayəndə heyətinə əvvəlcə Fondun məqsədi və fəaliyyəti haqqında məlumat verilib.


İNTERPOL-un nümayəndə heyəti Heydər Əliyevin şəxsi arxivindən götürülən və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən eksponatlar və fotoşəkillərlə tanış olub. R.Nobl Fondun xatirə kitabına ürək sözlərini yazıb.


Sonra İNTERPOL-un nümayəndə heyəti ilə görüşən Mehriban Əliyeva onların Azərbaycanla daha yaxından tanış olmaq imkanı olduğunu bildirib. Azərbaycanın bu il müstəqilliyinin 20-ci ildönümünü qeyd etdiyini deyən Mehriban Əliyeva ötən müddətdə ölkənin böyük nailiyyətlər əldə etdiyini, regionun lider dövlətinə çevrildiyini, respublikada bütün sahələrdə sürətli inkişafın getdiyini diqqətə çatdırıb.


O, Azərbaycan təhlükəsiz ölkə, respublikada cinayətkarlığın səviyyəsinin isə çox aşağı olduğunu xüsusi vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın 1992-ci ildən İNTERPOL-a üzv olduğunu, dövlət və hökumət orqanları ilə bu qurum arasında sıx əlaqələrin qurulduğunu qeyd edib.


Mehriban Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti haqqında da danışıb. "Ümidvaram ki, biz qeyri-hökumət təşkilatı olaraq gələcəkdə əməkdaşlıq qura bilərik", - deyən Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun BMT, UNESCO, UNİCEF, İSESCO və digər beynəlxalq qurumlarla əməkdaşlıq etdiyini söyləyib.


Öz növbəsində Azərbaycanın təhlükəsizlik baxımından nümunəvi ölkə olduğunu qeyd edən R. Nobl Heydər Əliyev Fondunun mədəniyyət tədbirlərinin keçirilməsindəki təcrübəsini qeyd edib. O, gələcəkdə Azərbaycanda birgə mədəni tədbirlərin keçirilməsini təklif edib.


Sonra R. Nobl İNTERPOL-un bu il təsis etdiyi "Daha təhlükəsiz dünyanın yaradılmasında xidmətə görə" yadigar medalını Mehriban xanım Əliyevaya təqdim edib.


Baş katib bildirib ki, Mehriban Əliyeva dünyada bu medalın təqdim olunduğu ilk şəxsdir.

Bütün xəbərlər Facebook səhifəmizdə