\"Yeni Azərbaycan Partiyası: Siyasi ideyadan milli ideologiyaya” mövzusunda konfrans keçirilib

\"Yeni Azərbaycan Partiyası: Siyasi ideyadan milli ideologiyaya” mövzusunda konfrans keçirilib

YAP Naxçıvan MR Təşkilatının Naxçıvan şəhərindəki "Gənclik" Mərkəzində partiyanın yaradılmasının 19-cu ildönümünə həsr olunmuş "Yeni Azərbaycan Partiyası: siyasi ideyadan milli ideologiyaya" mövzusunda elmi-praktik konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda YAP Naxçıvan MR Təşkilatının İcra katibi, Naxçıvan MR Ali Məclisinin deputatı Anar İbrahimov "Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi sistemində rolu" mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir zamanda meydana çıxan YAP Azərbaycan dövlətinin inkişafı üçün son dərəcə əhəmiyyətli və yeni tarixi mərhələnin əsasını qoyub: "Ölkəmizdə keçirilən seçkilər Azərbaycanın dünyəvi, hüquqi, demokratik dövlət quruculuğu yolu ilə inamla addımladığını bütün dünyaya bir daha sübut edib. Özünü parlament partiyası kimi təqdim edən ilk siyasi təşkilat olaraq YAP Azərbaycan siyasətinə yalnız qanun və konstitusiya çərçivəsində siyasi mübarizə ənənələrini gətirdi .Ötən ay Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bir tərəfdən ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidirsə, digər tərəfdən ölkədə aparılan siyasətin effektivliyini təcəssüm etdirir və dünyadakı güc mərkəzlərinin bu siyasətə verdiyi birmənalı qiymətidir". Bildirilib ki, YAP Naxçıvan MR təşkilatı 1992-ci ildə öz sıralarında 1118 nəfər üzvü birləşdirdiyi halda, hazırda onların sayı 47 mini ötüb: "Bu muxtar respublikanın siyasi fəal əhalisinin 18 faizindən çoxunu təşkil edir. Üzvlərinin say tərkibinin əsas hissəsi ziyalılar, gənclər və qadınlar olan, onları 8 rayon (şəhər) partiya, 811 ərazi ilk partiya təşkilatlarında birləşdirən YAP Naxçıvan MR Təşkilatı muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilib. Təşkilat 3 üzvlə Azərbaycan Respublikası Milli Məclisində, 41 üzvlə Naxçıvan MR Ali Məclisində, 1181 üzvlə bələdiyyə orqanlarında təmsil olunur". Naxçıvan Dövlət Universitetinin prorektoru, Naxçıvan MR Ali Məclisinin deputatı, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev "Yeni Azərbaycan Partiyası: vətəndaş həmrəyliyi, milli və mənəvi birliyin vəhdəti" mövzusunda məruzəsində Yeni Azərbaycan Partiyasını Azərbaycan xalqını ümummilli lider Heydər Əliyevin idealları ətrafında səfərbər edən bir siyasi məktəb kimi səciyyələndirib. "Yeni Azərbaycan Partiyası və milli iqtisadi inkişaf konsepsiyası" mövzusunda çıxış edən Naxçıvan MR İqtisadi İnkişaf nazirinin müavini Anar Seyidov isə ötən əsrin sonlarında xalqımız öz milli dövlətçiliyini bərpa etsə də, dövlət müstəqilliyini əldə saxlamaq, eləcə də iqtisadiyyatın infrastrukturunu yaratmaqla yeni sosial-iqtisadi sistemi formalaşdırmaq zəngin biliklərə əsaslanan yüksək səviyyəli idarəçilik bacarığından danışıb. YAP Naxçıvan şəhər Təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı, dosent Elman Cəfərli "Heydər Əliyev və milli ideologiyamızın bəzi məsələləri" mövzusunda məruzəsində bildirib ki, Azərbaycançılıq ideologiyası milli dövlətimizin əbədilik varlığının bütün istiqamətlərini aydınlaşdırıb, ümummilli, ümumdövlət mənafe birliyini təmin edən real və həlledici qüvvəyə çevrilib. Digər çıxış edən YAP Naxçıvan şəhər Təşkilatının sədr müavini, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev isə "Yeni Azərbaycan Partiyasının ideoloji prinsipləri və müstəqil dövlət quruculuğu" mövzusunda çıxış edərək dəyərli fikirlər səsləndirib. Daha sonra konfransda Yeni Azərbaycan Partiyasının (YAP)hakimiyyətdə olduğu müstəqillik illərində Azərbaycanın Respublikasının hərtərəfli inkişafını təcəssüm etdirən slaydların nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə