Təbii qaz daha neçə can alacaq?-ARAŞDIRMA

Təbii qaz daha neçə can alacaq?-ARAŞDIRMA

Havaların soyuması ilə ölkədə insanların həlak olmasına səbəb olan məişət qazı partlayışlarının sayı artıb. Qış mövsümü özü ilə yenə ölüm gətirir. Demək olar ki, hər gün dəm qazından boğulma xəbərləri alınır. İstər paytaxtda, istərsə də ölkənin ayrı-ayrı bölgələrində dəm qazı can almaqda davam edir. Qazdan boğulmalar son bir neçə ildə artıq xarakterik hal alıb. Bir çox hallarda standartlara uyğun gəlməyən istilik sistemləri, sobalar quraşdırılır ki, bu da hər hansı ehtiyatsızlıq ucbatından yanğına və ya partlayışa gətirib çıxarır.

Noyabrın 16-da Bakıda bədbəxt hadisə baş verib. Xətai rayonu ərazisində yaşayan Sevil Paşayeva evində dəm qazından boğulub. 3 gün öncə ailə quran gənc ailə dəm qazının qurbanı oldu. Ötən gün Bakıda 51 yaşlı Rahim Babayev yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Mütəxəssislər düşünür ki, bədbəxt hadisələrin bir çoxu insanların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov istehlakçıların qazla davranış mədəniyyətinin aşağı olmasının da qəza hallarının baş verməsində mühüm rol oynadığını deyir. Onun sözlərinə görə, ölkənin müxtəlif bölgələrindən gələn insanlar qazdan istifadə etməkdə problemlər yaşayır. İnsanlar qazı açıq qoyur, ya da hər hansı təhlükəli şəraitə diqqət vermirlər: "Qaz istifadəçiləri bilməlidirlər ki, qaz onların mənzilinə daxil olmuş son dərəcə qiymətli maldır. İstehlakçı digər malları almaq üçün başqa bir məsafəyə gedir, lakin qaz onun hər zaman yanında olan və pulsuz alan bir maldır. Ona görə də istehlakçı bu qiymətli, eyni zamanda təhlükəli malla çox diqqətli davranmaq bacarığına malik olmalıdır".

İstehlakçıların özləri də qazla bağlı baş verən hər hansı bir bədbəxt hadisənin əsas səbəbkarının ev sakinlərinin özünün olduğunu deyib. Onların fikrincə, hər bir sakin yaşadığı evdə mövcud olan qazı mütəmadi olaraq yoxlamalı, evdə olmadıqda söndürməli, hər bir təhlükəsizlik tədbirləri görməlidir

Şəhər sakini Elman Məmmədov deyir ki, qazla zarafat etmək olmaz: "Bu məsələdə birinci növbədə ev sakinləri özləri məsuliyyət daşıyır. İkinci növbədə isə mənzil kommunal təsərrüfat işçiləri və qaz idarəsi vaxtında qaz torbalarını, tüstü bacalarının təmizlənməsinə diqqət yetirsinlər. Bunlar bəzən edilir, bəzən isə yox. Amma bu məsələlər diqqət etmək mütləq lazımdır".

"Azəriqaz" İstehsalat Birliyinin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəisi Abbasəli Quliyev də vətəndaşlara müraciət edib. O qeyd edib ki, idarə qazın yalnız evə daxil olan hissəsinə, yəni sayğaca qədər cavabdehdir: "Ondan sonra qazdan sakinlərin necə və hansı formada istifadə etməsinə idarə məsuliyyət daşımır. Buna görə də maarifləndirmə işinin həm miqyası, həm də keyfiyyəti daha da yüksəlməli və genişlənməlidir. Əhalimizdən də xahişimiz ondan ibarətdir ki, təhlükəsizlik qaydalarını ilk növbədə oxumaq, onu öyrənmək və ən əsası öyrəndiklərini maarifləndirmə prosesində, əməli həyatda tətbiq etmək lazımdır. Yəni onları bilmək azdır, bildiklərini həqiqətən həyata keçirmək gərəkdir".

Hər halda soyuqların hələ qabaqda olduğunu nəzərə alsaq, belə hadisələrin baş vermə sayının çoxalacağını aydın bilmək olar. Amma unutmayaq ki, hər bir insan öz təhlükəsizliyini qorumalı və ona verilən nemətlərdən düzgün səviyyədə istifadə etməyi bacarmalıdır. Əgər insanlar bütün lazımi qaydalara əməl etsə, belə bədbəxt hadisələr baş verməz.

Bütün xəbərlər Facebook səhifəmizdə