Rasim Musabəyov: "Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvonun saxlanılması tədricən Ermənistanın "ölməsinə" aparır"

Rasim Musabəyov: "Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvonun saxlanılması tədricən Ermənistanın "ölməsinə" aparır"

"Ermənistan Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvonu saxlamağa çalışır. Lakin, bu status-kvo faktiki olaraq, Ermənistanın tədricən "ölməsinə" aparır. Bu fakt son vaxtlar daha aydın görünməyə başlayır". SİA xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın "Ermənistan başa çatır" sözləri təsadüfi xarakter daşımır. Onun sözlərinə görə, bu reallıq Ermənistan prezidenti seçiləcək istənilən şəxs üçün qaçılmazdır.

"Bu reallıqlar obyektiv və qaçılmazdır. Düzdür, bu reallıqları olduğu kimi qəbul etməyə daha çox hazır olan insanlar da var. Bu halda mən Levon Ter-Petrosyanı nəzərdə tuturam. Bundan başqa, Serj Sarkisyan və Robert Koçaryan kimi bu reallığı daha az qavrayan insanlar var. Ermənistanda hadisələrin hansı ssenari ilə inkişaf edəcəyi yalnız Serj Sarkisyanın prezident seçkilərində qələbə qazanıb-qazanmayacağından asılı olmayacaq. Ter-Petrosyanın parlamentin yeni tərkibinə daxil olub-olmayacağı və onun tərəfdarlarının Ermənistanın qanunverici orqanında hansı sayda təmsil olunacağı da çox vacibdir", - deyə politoloq vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə