“Heydər Əliyev və müstəqil Azərbaycanın Konstitusiyası”-TƏDBİR

“Heydər Əliyev və müstəqil Azərbaycanın Konstitusiyası”-TƏDBİR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə 12 noyabr – Konstitusiya Gününə həsr olunan dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, "Heydər Əliyev və müstəqil Azərbaycanın Konstitusiyası" mövzusunda təşkil olunan tədbirdə YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli, millət vəkilləri və YAP-ın Gənclər Birliyinin rəhbərliyi və üzvləri iştirak edib.

YAP-ın Gənclər Birliyinin sədri Seymur Orucov ilk öncə Azərbaycan Konstitusiyası ilə bağlı gənclərə geniş məlumat verib. O bildirib ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunan konstitusiya ölkədəki bütün demokratik qüvvələri özündə ehtiva edir.

Milli Məclis sədrinin vitse-spikeri Ziyafət Əsgərov isə konstitusiyanın bütün norma və sənədlərin əksini tapdığı yeganə sənəd olduğunu deyib. Onun sözlərinə görə, elə bir sənəd yoxdur ki, orada bu qədər məsələ birləşdirilsin: "Konstitusiya quruluşlu dövlət dedikdə həm dövlətin prinsipləri, həm də onların reallaşma mexanizmləri nəzərdə tutulur. Bu gün Azərbaycan konstitusiya quruculuğuna malik dövlətdir. Burada qanunların aliliyi ən vacib məsələlərdəndir. Bu günə kimi konstitusiya ilə bağlı 2 referendum keçirilib, 17 əlavə və dəyişikliklər edilib. Bütün bunların hamısı insanların hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Qeyd etməliyəm ki, konstitutsiyanın cəmiyyətdə təbliği çox vacib məsələdir".

Əli Hüseynli isə Azərbaycan konstitusiyasının Avropa Konvensiyasına uyğunlaşdığını deyib. Onun sözlərinə görə, ölkənin konstitusiyası qısa zamanda inkişaf edən vahid bir sənəddir: "Bu sənəd beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Azərbaycan konstitusiyasında insanların hüquqların qorunmasına milli səviyyədə deyil, beynəlxalq səviyyədə yanaşılır. Hər bir Azərbaycan vətəndaşı da dövlətdən konstitusiyaya əsasən onun layiqli həyatının təmin edilməsini təmin edir".

Tədbirin davamında Mübariz Qurbanlı ölkənin əsas qanununun digər ölkələrin müvafiq qanunu ilə müqayisəli təhlilini aparıb və onun üstünlüyündən danışıb. Gənclər rəy və təkliflərini, suallarını dinləyən qonaqlar onları maraqlandıran məsələləri cavablandırıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə