İran MAQATE-dən izahat tələb edir

İran MAQATE-dən izahat tələb edir

Beynəlxalq Atom Enerji Agentliyi (MAQATE) İranın xeyrinə olmayan hesabat ərsəyə gətirib. Hesabatda İranın nüvə silahı əldə etmək məqsədilə gizli ekperimentlər apardığı və yalnız nüvə sılahında tətbiqini tapa bilən ehtiyat hissələrini sınaqdan keçirdiyi qeyd edilib.


İranda uranın zəngilləşdirilməsi proqramının hərbi məqsədlər daşıdığını göstərən hesabat, qurumun 35 üzv-dövləti olan idarə heyətinə və Təhlükəsizlik Şurasına təqdim edilib. Hesabata əlavə edilmiş 13 səhifəlik qoşmada hərtərəfli kəşfiyyat məlumatları, o cümlədən MAQATE-nin araşdırmaları yer alır.


Hesabatdan bir neçə saat sonra, İran prezidenti Mahmud Əhmədinejad dövlət televiziyasına müsahibə verərək, MAQATE-ni kəskin tənqid atəşinə tutub:


"Amerikanlar bir neçə kağız vərəqini saxtalaşdıraraq agentliyin başçısına təqdim edib. O isə hara gedir, yalnız bu vərəqlər əsasında çıxış edir. Axı Niyə onlar ABŞ-la bağlı hesabat vermirlər? Niyə onlar ABŞ-ın mütəffiqlərilə bağlı hesabat vermirlər? Axı nə səbəbə onlar atom silahlarını gizlədərək dünya sülhünü təhlükəyə salan minlərlə ABŞ hərbi bazası haqqında hesabat təqdim etmirlər?"


Əhmədinejad müsahibəsində eyni zamanda ABŞ hökumətinin nüvə silahları ilə bağlı büdcəsinə bu yaxınlarda 81 milyard dollar ayırdığını qeyd edib və bu rəqəmin İran nüvə büdcəsindən 300 dəfə çox olduğunu bildirib.


Rəsmi Vaşinqton son hesabatın digər ölkələrin İrana qarşı sanksiyalar tətbiq etməsinə yol açacağına inanır.

Bütün xəbərlər Facebook səhifəmizdə