Qurban bayramı ilə əlaqədar bölgələrə getmək istəyənlərin sayının həddindən artıq çox olması problemlərə yol açıb. Hər bayramqabağı olduğu kimi, bu il də vağzallarda bilet qıtlığı müşahidə olunur. Vəziyyətdən istifadə edən işbazlar isə əvvəldən aldıqları biletləri kassadan kənarda baha qiymətə satmağa başlayıblar.
Sərnişinlər bilet ala bilmir, xəzinədarlar vətəndaşları əliboş yola salır. Vağzalda isə həmişəki kimi, bilet dəllalları meydan sulayır. Dəmir Yol Vağzalının kasasından bildirildi ki, qarşıdakı günlərdə qatarlara əlavə vaqonlar qoşulandan sonra bilet problemi tədricən öz həllini tapacaq. Vağzalın kassalarının qarşısında növbə yaranıb. Bayrama hələ bir neçə gün qalsa da, artıq dəmir yolu vağzalının kassalarında bilet tapmaq mümkün deyil. Bir neçə saat ərzində biletlərin hamısının satıldığı deyilir.
Hazırda avtovağzalda da bu üzdən sıxlıqdır. Bakı rayonlararası və beynəlxalq avtovağzalı, eləcə də Bakı Dəmiryol Vağzalı gücləndirilmiş iş rejiminə keçib.
\"Avtonəqliyyatservis\"dən SİA-ya verilən məlumata görə, belə bir proses öncədən gözlənilən olduğu üçün, əvvəlcədən tədbirlər görülüb: "Ona görə də, ciddi problemin olacağı gözlənilmir. Sərnişin axınını nəzərə alaraq bayram günlərində xətlərə əlavə avtobuslar buraxılacaq".
Qurumdan o da bildirildi ki, əhali baha qiymətə bilet satanlara inanmasınlar: "Avtovağzalın kassalarında bilet var. Çalışacağıq ki, bayram günlərində hamını mənzilinə çatdıra bilək".
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, bayram günlərində sərnişin sıxlığını nəzərə alaraq ayın 4-ü, 5-i, 7-si və 8-də Bakı-Böyük Kəsik istiqamətində xəttə əlavə vaqonlar buraxılacaq: "Qatarlara sərnişin sıxlığından asılı olaraq hər gün 10-15, bəzən isə 20-30 əlavə vaqon qoşulması təmin ediləcək".
N.Əzməmmədov biletlərin sürətlə satışının səbəbini bayramqabağı sərnişinlərin sayının kəskin artması ilə izah etdi: "Hazırda biletlər eyni vaxtda 50 kassadan satılır. Bilet satışı səhər saat 07:00-dən başlayır. Çalışacağıq ki, bütün sərnişinləri razı salaq".
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə bildirdi ki, bu vəziyyət hər bayramda təkrarlanır: \"Bayram günlərində istirahət günlərinin sayı çox olduğundan sərnişinlərin sayı artır. Bayramdan əvvəl Bakıdan rayonlara, bayramdan sonra isə rayondan Bakıya gələnlərin sayı çox olur. Bu vəziyyəti nəzərə alaraq əhalinin gediş-gəlişini təmin etmək məqsədi ilə ən zəruri işlər görülür. Qurban bayramı ilə əlaqədar qarşıdakı iki gündə sərnişin axını daha da çoxalacaq. Ona görə də əlavə avtobuslar ayrılacaq və qatarlara əlavə vaqonların qoşulacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB