Bakıda dənizdə neft dağılmalarına dair seminar başlayıb

Bakıda dənizdə neft dağılmalarına dair seminar başlayıb

Bu gün Bakıda \"Dənizdə neft dağılmalarına görə məsuliyyət və kompensasiya üzrə beynəlxalq rejimlər\" adlı seminar öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbiri ATƏT-in Bakı ofisi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Neftlə Çirklənməyə Dair Beynəlxalq Kompensasiya Fondu təşkil edib. Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rafael Mirzəyev bildirib ki, Xəzər dənizində neft və qaz istehsalının intensivləşdirilməsi, müasir infrastrukturun qurulması və neft məhsullarının daşınması dənizin neft sənayesinin kimyəvi maddələrlə çirklənməsi riskini artırıb. Onun sözlərinə görə, belə olan halda Xəzəryanı ölkələrin regionda neft və qaz sahəsində çalışan xarici şirkətlərlə əməkdaşlığına böyük ehtiyac var. Onun fikirincə, bu məsələ Azərbaycan üçün böyük önəm kəsb edir: \"Çünki yeni neft yataqlarının kəşfinə görə qarşıdan gələn illər ərzində Xəzər ətrafı boyunca neft nəqlinin həcmi artır\".

Daha sonra çıxış edən ATƏT Bakı ofisinin rəhbəri Koray Tarqay bildirib ki, dünyanın müxtəlif ölkələrində neft dağılmaları nəticəsində baş verən təbii fəlakətlər bir daha onları törədə biləcək ekoloji və iqtisadi fəsadları bizə xatırlatdı.

Tədbirdə iştirak edən rəsmi şəxslər və çoxsaylı yerli və beynəlxalq mütəxəssislər neft dağılmaları və neft sənayesi ilə əlaqədar yüksək səviyyədə fövqəladə hallara hazırlıq planını müzakirə edəcəklər. Onlar həmçinin kompensasiya və məsuliyyət məsələlərinə dair mütərəqqi təcrübələrini də nəzərdən keçirəcək, Qara dənizlə Baltik dənizi regionlarının təcrübəsini nümunə olaraq istifadə edəcəklər.

Qeyd edək ki, Azərbaycan neftlə çirklənmə hallarına hazırlığın təmin edilməsi, onlara qarşı mübarizə və əməkdaşlıq haqqında beynəlxalq kompensasiyaya qoşulub. Bundan başqa Azərbaycan və digər Xəzəryanı ölkələr Xəzər dənizində neftlə çirklənmə hallarına qarşı regional əməkdaşlığa dair də protokol imzalayıb. Bu protokol Xəzər dəniz ekologiyasına dair beynəlxalq kompensasiyaya daxil edilib.


İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə