Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi erməni nazirin cavabını verdi

Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi erməni nazirin cavabını verdi

UNESCO-nun Baş Konfransının 36-cı sessiyası çərçivəsində keçirilən ümumi siyasi müzakirələrdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkəsinin UNESCO ilə əməkdaşlıq məsələsinə səthi toxunaraq çıxışını böhtançı siyasi bəyanatların səsləndirilməsi ilə davam etdirib. O, "müəyyən tarixi səbəblərə görə" erməni tarixi irsinin xeyli hissəsinin ölkədən kənarda qalmasına iddia edərək Azərbaycanda guya erməni tarixi abidələrinin məhv edilməsi siyasətinin həyata keçirilməsi və bunun digər mədəniyyətlərə nifrət və düşmənçilik münasibətlərinin göstəricisi olduğunu deyib.


Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Eleonora Hüseynova cavab hüququndan istifadə edərək Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq davam edən hərbi təcavüzü və onun faciəli nəticələrinə, işğal olunmuş ərazilərdə min illərdən bəri yaşamış azərbaycanlılara məxsus tarixi və mədəni abidələrin ermənilər tərəfindən dağıdıldığına, həmin torpaqlarda narkotik və insan orqanlarının qeyri-qanuni dövriyyəsinin mövcudluğuna diqqət çəkib. Ermənistan dövlətinin başçısının iki xalqın etnik qeyri-uyğunluğu barədə rasist bəyanatlarını bir daha xatırladan E.Hüseynova məhz Ermənistanın düşmənçilik siyasəti həyata keçirən ölkə olduğunu vurğulayıb.


Azərbaycanın UNESCO yanında daimi nümayəndəsinin çıxışı Baş Konfransın iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə