Beynəxalq forumda iştirak edən qırğızıstanlı nümayəndələr “İki sahil” qəzetinin qonağı olub

Beynəxalq forumda iştirak edən qırğızıstanlı nümayəndələr “İki sahil” qəzetinin qonağı olub

Bakıda keçirilən Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda iştirak edən Qırğızıstandan olan nümayəndələr "İki sahil" qəzetinin qonağı olub. SİA-nın xəbərinə görə, Qırğızıstan-Türkiyə Manas Universitetinin dosenti Moldoseit Mambetakunov, həmin universitetdə çalışan, tarix elmləri doktoru Yunus Emre Gürbüz və Qırğızıstanın "Almaz FM" radio kanalının direktoru Rustamjan Koşmuratovun olduğu görüşdə qəzetin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda medianın inkişafından, bu sahədə görülən işlərdən danışıb. O bildirib ki, bu gün ölkədə mətbuat və söz azadlığı yüksək səviyyədə təmin olunub: İnsanların sərbəst şəkildə fikirlərini ifadə edə bildiyini deyən baş redaktor vurğulayıb ki, dövlət ölkədə mətbuatın inkişafına lazımi diqqət və qayğı göstərir.

"Eyni zamanda, Azərbaycan mediasının beynəlxalq əlaqələri də gündən-günə genişlənir. Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun məhz Bakıda keçirilməsini də buna misal göstərmək olar. Bildiyiniz kimi, bir neçə gün əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Sözsüz ki, bu, türkdilli ölkələrin birliyi baxımından da olduqca əhəmiyyətli və uğurlu haldır. Çünki bu cür uğurlar, ümumilikdə türkdilli ölkələrin nüfuzunun artması hər birimizin sevinci olmalıdır. Bizim gücümüz, nüfuzumuz nə qədər artarsa, birliyimiz də o qədər möhkəm olar", - deyə o əlavə edib.

Qonaqlar da öz növbələrindər Azərbaycanda, xüsusilə də Bakıda böyük inkişafın, modernləşmənin şahidi olduqlarını vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə