FHN Vanda baş vermiş zəlzələdən zərər çəkənlərə növbəti yardımı göndərib
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) zəlzələdən zərər çəkənlərə növbəti yardımı göndərib. SİA-nın məlumatına görə, oktyabrın 27-si saat 03:00-da 40 avtomobildən ibarət yardım karvanı Bakıdan Türkiyəyə yola düşüb. Avtomobil karvanı İran ərazisindən keçməklə Türkiyəyə hərəkət edib. Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, FHN Azərbaycan prezidentinin göstərişi əsasında oktyabrın 23-də - zəlzələ baş verdiyi andan Türkiyəyə yardımlar göndərməyə başlayıb. Bu gün yola salınan yardım karvanı ilə Van bölgəsinə 1000 ədəd çadır, 2 min ədəd ədyal, 40 ədəd transformator və 40 dəst mətbəx ləvazimatı yola salınıb. Qeyd edək ki, bu günədək FHN tərəfindən Türkiyəyə 250 çadır, 700 ədəd səhra yataq dəsti, 3 min ədəd ədyal, 2 min ədəd yataq dəsti və 2 səhra mətbəxi göndərilib. Eyni zamanda 213 xilasedicimiz hazırda Van bölgəsində çalışmaqdadır. Bu günədək xilasedicilərimiz uçqunlar altından 10 insanı və 41 cəsədi çıxarmağa nail olub. E. Mirzəyevin sözlərinə görə, oktyabrın 23-dən bu günə qədər Türkiyəyə göndərilmiş yardımların ümumi məbləği 1 mln. 700 min ABŞ dolları təşkil edir. Zərurət yaranarsa, Azərbaycan FHN Van bölgəsinə əlavə yardımlar göndərəcək. Nazir müavini yardım karvanının vaxtında Türkiyəyə çatdırılması üçün diplomatik kanallar vasitəsi ilə İranla danışıqlar aparıldığını və müvafiq icazələrin alındığını bildirib. Nazir müavini onu da qeyd edib ki, FHN-nin xilasediciləri tərəfindən Van bölgəsində çadır şəhərciyi salınaraq zəlzələdən zərər çəkmiş əhalinin ixtiyarına verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB