Ərəstun Baxşəliyev: “Həmsədrlərin bölgəyə səfəri yeni heç nə vəd etmir”

Ərəstun Baxşəliyev: “Həmsədrlərin bölgəyə səfəri yeni heç nə vəd etmir”

Uzun müddətli fasilədən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfəri başlayıb. Səfər barədə danışmaq maraqsız olsa da hər halda yenə də nəyəsə ümid edirik. Hər dəfə üç nəfərin əhəmiyyətsiz səfəri, heç nəyi dəyişməyən cəhdləri, şablon danışıqları həm dövlət, həm də xalq olaraq bizi çoxdan bezdirib.

Ümidimizi üç əcnəbiyə bağlamışıq. Görəsən bu üç əcnəbi Qarabağ probleminin həllinin uzadılmasından, gerçəkdən narahatlıq hissi keçirirlərmi. Bu o qədər də inandırıcı görünmür. Azərbaycan hər dəfə münaqişənin həlli istiqamətindəki danışıqlarda fəallıq göstərsə də, qarşı tərəf qeyri-konstruktivlik nümayiş etdirir. Bəs görəsən münaqişənin həlli prosesində Ermənistan özü-özünü niyə təcrid edib. Çünki münaqişənin dondurulmuş vəziyyəti Ermənistanı blokadada, Azərbaycanı isə məğlub vəziyyətdə saxlayır.

Siyasi şərhçi Ərəstun Baxşəliyevin sözlərinə görə, Ermənistanın Rusiyandan asılı vəziyyətdə olması onun müstəqil siyasət yeritməsinə imkan vermir. Əgər Rusiyanın təzyiqləri olmasaydı problem tez bir müddətdə öz həllini tapardı: "Ermənistanın özünə qalsaydı münaqişə çoxdan öz həllini tapmışdı. Rusiyanın bölgədə öz maraqları vardır və bu maraqlar kontekstində öz maraqlarını həll etməyə çalışır. Məhz bu səbəbdən məsələnin həlli bu qədər uzanır. Rusiya Ermənistana hər zaman tabeliyində olan bir vilayət kimi, yəni forpostu kimi baxır. Bir sözlə Ermənistan Rusiyadan icazəsiz hər hansı bir addım ata bilməz. Həmsədrlərin isə bölgəyə səfəri yeni heç nə vəd etmir".

Siyasi şərhçinin fikrincə, Rusiyanın və ya digər həmsədrlərin irəli sürdüyü təkliflərdən hansısa müsbət nəticələrin ortaya çıxa biləcəyinə ümid bəsləmək sadəlövhlük olardı: "Çünki həmsədrlər tərəfindən müxtəlif təkliflərin irəli sürülməsi ilə bağlı proses oyunbazlıq kampaniyasından başqa bir şey deyil. Həmsədr ölkələr bölgədə status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar

Bölgədə status-kvonun qorunub saxlanılmasında Rusiya, ABŞ, Fransa eləcə də digər Avropa ölkələri maraqlıdırlar. Rusiya Amerikanın bölgədən getməsini gözlədiyi bir halda, ABŞ-da Rusiyanın Cənubi Qafqazdan çəkiləcəyi günü gözləyir. Eyni zamanda bölgədə iqtisadi maraqlar da var. Çünki bölgədə vəziyyət qarışıqdır, qaz layihələri, Putinin MDB ölkələrini Moskvanın ətrafında "sıx birləşdirmək" planlarını həyata keçirməyə cəhd göstərir.

Hazırda bölgədə ciddi geosiyasi rəqabət gedir, Qərb Transxəzər qaz kəmərini çəkmək və onun davamı kimi "Nabucco" layihəsini reallaşdırmaq üçün bütün kartları ortaya qoyub. Rusiya da əks-həmləyə keçib və xəbərdarlıq edir ki, bu layihələrin həyata keçirilməməsi üçün region ölkələrinə təzyiqlər göstərməkdə qərarlıdır".

Həmsədrlər hər dəfə bölgəyə səfərlərində özlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki vasitəçilik missiyasını yerinə yetirməkdə olduqlarını qabartmağa çalışırlar. Halbuki onların bu fəaliyyətindən indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə heç bir əhəmiyyətli fayda olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə