Politoloq: \"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində danışıqların davam etdirilməsi üçün şərt irəli sürür\"
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində danışıqların davam etdirilməsi üçün şərt irəli sürür. Bu barədə keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, Ermənistan danışıqların davam etdirilməsi üçün Azərbaycanın Kazan görüşü zamanı irəli sürdüyü 10 təklifi geri götürməsini tələb edir. Azərbaycan isə sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır.
Əhmədoğlu Rusiyanın son dövrlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi aktivliyin ciddi nəticə vermədiyini deyib və əlavə edib ki, bunda Azərbaycan tərəfinin günahı yoxdur.
O, ATƏT-in Minsk qrupunun ATƏT PA-da hesabat verməsini ciddi hadisə adlandırıb.
\"ATƏT-in Minsk qrupunun həmsədrlərinin hesabatlarına qədər hamı elə bilirdi ki, Yenilənmiş Madrid təkliflərində dəyişikliklər edilib. Ancaq Minsk qrupunun həmsədrlərinin hesabatı göstərdi ki, danışıqlar Helsinki Yekun Aktının güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək, dövlətlərin ərazi bütövlüyü, xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyin etməsi hüququ prinsipləri əsasında irəli sürülmüş təkliflər ətrafında davam etdirilir\", - Əhmədoğlu əlavə edib.
Politoloq qeyd edib ki, münaqişənin həll olunması üçün Ermənistan ilk növbədə işğal etdiyi ərazilərdən qoşunlarını çıxarmalıdır.
Onun sözlərinə görə, Ermənistan indiyə qədər iddia edirdi ki, guya, Azərbaycanda ermənifobiya var.
\"Azərbaycan tərəfi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərinin keçirilməsini təklif edir. Bu dəfə Ermənistan tərəfi belə görüşlərin keçirilməsinə etiraz edir. Belə görüşün baş tutmasını istəmir. Bu isə Ermənistanın qeyri-konstruktiv mövqeyini bir daha göstərir\", - Əhmədoğlu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB