Türkiyə ordusu havadan və qurudan Şimali İraqa girdi - FOTO

Türkiyə ordusu havadan və qurudan Şimali İraqa girdi - FOTO

Dünən gecə Türkiyənin İraqla həmsərhəd bölgələrindən biri olan Hakkaridə PKK-çıların Türk ordusunun Çuxurca kəndində yerləşən hərbi hissəsinə xaincəsinə hücumu baş verib. SİA-nın Türkiyə mənbələrinə istinadən verdiyi məlumata görə, qeyri-bərabər döyüşdə mehmetciklər mətinliklə döyüşərək 26 şəhid veriblər, 22 əsgər isə yaralanıb.

Məlumatda bildirilir ki, PKK silahlıları üç istiqamətdə hücum təşkil ediblər. Əsas zərbə qrupu Şimali İraqdan gəlib. Xain hücumda 200 nəfər PKK-çı iştirak edib. Çuxurcanın mərkəzindəki polis və jandarma binalarına ağır silahlardan atəş açaraq diqqəti bura yönəldən terroristlər sonra kəndin mərkəzindən 15 kilometr uzaqlıqda İşıq bölgəsində olan 21-ci Sərhəd Jandarma Briqada Komandanlığının Kəkliktəpədəki polis bölməsinə ağır silahlarla hücum ediblər.

Təhlükəsizlik gücləri terror hücumunu səhərə qədər dəf etməli olublar. Kəndin mərkəzindəki polis bölməsindən və hərbi hissələrdən kömək gəlib. Bölgəyə "Kobra" tipli helikopterlər cəlb edilib. Amma bu kömək Kəkliktəpədə 21, kənd mərkəzində isə 3 əsgərin həlak olmasını əngəlləyə bilməyib.


Bu hadisəyə qədər nələr baş vermişdi?

PKK Türk ordusunun son dövrlər başlanan hücumlara qarşılıq verəcəyini təxmin edirdi. Siyasi dialoqun baş tutmadığını görən İmralıdakı və Qəndildəki liderlər Türkiyənin hücumlarını ertələmək üçün böyük əməliyyatın aparılmasının vacib olduğunu və bununla da Ordudakı yüksək əhval-ruhiyyəni alt-üst etməyin vacib olduğunu düşünürdülər. Ona görə də Türkiyənin İraq mərkəzi hökuməti və Şimali İraqda Regional Kürd Rəhbərliyi ilə etdiyi görüşmələrin sonra PKK rəhbərliyi təhlükənin yaxınlaşdığını hiss edərək müharibənin qaçılmaz olduğunu anladı. Şimali İraqın Türkiyə ilə sərhəd kəndlərin boşaldılması üçün işlər başladıldı. Regional Kürd rəhbərliyinə yaxın internet səhifələrində çıxan xəbərlərə görə, köçürülən kürdlərin yerləşəcəyi 4 düşərgənin inşaat işlərinə başlandı. Şam Sidekan, Hakurk, Hınere, Pışdere bölgəsində yaşayan vətəndaşlar yeni düşərgələrə yerləşmək üçün təlimatlandırıldılar.


Regional Kürd rəhbərliyinin başçısı Məsud Bərzaninin təlimatı ilə Şam yaxınlarında olan Pışdere və Verteyədə 2, Sidekana da 2 düşərgənin yaradılacağı bildirildi. Məlumatda bildirilir ki, həmin düşərgələrin salınmasına 42 milyon dollar vəsait sərf olunacaq. Bu düşərgələr təkcə Türkiyə deyil, həm də İran-İraq sərhədində əsasən İran təhlükəsizlik qüvvələri ilə mübarizə aparan PJAK üzvlərinin ailələrinə də sığınacaq yeri olacaq.


Budur terror hücumunun ardından Türkiyə ordusu həm havadan, həm də qurudan Şimali İraqdakı PKK sığınacaqlarını məhv etmək üçün hücuma keçib. Əməliyyatlarda 500 canlı qüvvə iştirak edir.


Bütün xəbərlər Facebook səhifəmizdə