Elmar Məmmədyarov Kolumbiya xarici işlər nazirinin müavinini qəbul edib

Elmar Məmmədyarov Kolumbiya xarici işlər nazirinin müavinini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kolumbiya xarici işlər nazirinin müavini, xanım Patti Londonyo Xaramiyonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Kolumbiya münasibətləri ilə yanaşı, bir sıra regional və beynəlxalq məsələlər müzakirə olunub.

Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, qarşılıqlı səfərlərin ölkələrarası münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığını bildiriblər. E. Məmmədyarov Kolumbiya nümayəndə heyətinin ilk rəsmi səfərini yüksək qiymətləndirib, bu ənənənin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Nazir, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların hazırkı durumuna dair məlumat verib.

Görüş zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə