Avstriya prezidentinin Azərbaycanda müzakirə edəcəyi mövzular bəlli olub

Avstriya prezidentinin Azərbaycanda müzakirə edəcəyi mövzular bəlli olub

Azərbaycanda rəsmi səfərdə olan Avstriya prezidenti Haynts Fişerin oktyabrın 12-də rəsmi qarşılanma mərasimi olub. Avstriya Haynts Fişeri və xanımı Margit Fişeri Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar. Azərbaycanın dövlət və hökumət nümayəndələri H. Fişerə, Avstriya nümayəndə heyətinin üzvləri isə İ. Əliyevə təqdim olunub.

Tərəflər arasında əvvəlcə təkbətək, daha sonra isə geniş tərkibdə iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriləcək. "İTAR-TASS"-ın diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, danışıqların əsas müzakirə mövzusu qaz sahəsində əməkdaşlıq, Azərbaycanın Avropaya inteqrasiyası və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları olacaq.

İki lider arasında əsas müzakirə mövzusu Xəzər regionundan qazın Avropaya "Nabukko" və Avropa Birliyi ölkələri və dünyanın aparıcı şirkətləri tərəfindən təklif olunan digər alternativ yollarla çatdırılması məsələləri olacaq. Çünki Avstriya "Nabukko" konsorsiumundakı vacib tərəflərdən biridir. Bundan başqa, tərəflərin qarşılıqlı sərmayə məsələlərini nəzərdə keçirəcəyi və ikitərəfli iqtisadi əməkdaşlığın prioritetlərinin müəyyənləşdiriləcəyi gözlənilir.

Tərəflər arasında siyasi gündəlikdə əsas duran məsələ Azərbaycanın Avropaya inteqrasiyası və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. İlham Əliyev və Haynts Fişerin danışıqlarının yekununda bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur. Qarşılıqlı iqtisadi əməkdaşlıqla bağlı müzakirələr Azərbaycan-Avstriya biznes-forumunda da davam etdiriləcək.

Haynts Fişer səfəri çərçivəsində Azərbaycanın baş naziri Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək. O, dahi Avstriya bəstəkarı Volfanq Amadey Motsartın abidəsinin açılışında da iştirak edəcək.

Avstriya prezidenti həmçinin daha sonra Xəzəyanı ölkəyə - Türkmənistana səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə