Bakı Dəmir Yolu Vağzalı köçürüləcəkmi?

Bakı Dəmir Yolu Vağzalı köçürüləcəkmi?
Son günlər Bakı Dəmir Yolu Vağzalının digər əraziyə köçürülməsi ilə bağlı məsələ gündəmə gəlib. Hətta vağzalın köçürüləcəyi ərazinin də məlum olduğu bildirilir. Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayevin SİA-ya verdiyi məlumata görə, Bakı Dəmir Yolu Vağzalının Biləcəriyə köçürülməsi daha realdır: "Hazırda bu məsələ komitədə ciddi müzakirə olunur. Həm Bakının ekoloji durumu, həm də əhalinin şəhərin bu hissəsində sıxlığı dəmir yolunun köçürülməsinə zərurəti yaradıb. Ancaq hələlik məsələ müzakirə olunduğundan dəqiq bir fikir söyləmək çətindir".
C. Qocayev gələcəkdə Dəmir Yolu İdarəsinin yerində şəhərətrafı qəsəbələrə işləyən elektrik qatarları vağzalının yaradılma ehtimalının olduğunu da deyir: "Dəmir yolu vağzalının köçürülməsi ilə bağlı layihə mövcuddur. Məsələnin araşdırılması ilə bağlı Azərbaycan Dövlət Dəmir Yolunun rəhbərliyinə müvafiq tapşırıqlar verilib. Bu layihənin iqtisadi və texniki cəhətdən sərfəli olub-olmadığı öyrənildikdən sonra Bakı Dəmir Yolu Vağzalının Biləcəri qəsəbəsinə köçürülməsi mümkünləşə bilər".
Məsələyə münasibət bildirən "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov isə vağzalın köçürülməsi ilə bağlı Bakı Dəmir Yolu İdarəsinə rəsmi məktubun daxil olmadığını deyir: "Hesab edirəm ki, Bakı Dəmir Yolu Vağzalının köçürülməsinin əhalinin sıxlığını aradan qaldırması üçün ən uyğun variant deyil. Dünyanın əksər ölkələrində dəmir yolu vağzalı şəhərlərin mərkəzi hissəsində yerləşir. Vaxtilə Dəmir Yolu Vağzalı mərkəzi hissədə inşa olunarkən də şəhərsalma qaydaları nəzərə alınıb. Onu da deyim ki, bir çox qurumlar şəhərin kənar hissələrinə köçürüldükdə, dəmir yolunun köçürülməsi məsələsi müzakirə olunmadı. Ancaq təbii ki, buna zərurət varsa və məsələ dövlət səviyyəsində qaldırılarsa, vağzalın yeri dəyişdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə