Azərbaycanlı deputat AŞPA-nin sessiyasında erməni təcavüzü barədə danışıb

Azərbaycanlı deputat AŞPA-nin sessiyasında erməni təcavüzü barədə danışıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında almaniyalı deputat Marina Şuster və belçikalı Patrik Morionun hazırladıqları "Milli suverenlik və müasir beynəlxalq hüquqda dövlətlərin statusu" adlı hesabat dinlənilib və bu mövzu ətrafında sonra müzakirələr aparılıb.
SİA-nın verdiyi xəbərinə görə, müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Azərbaycanın 20 ildir öz dövlət müstəqilliyini qoruyub saxladığını bildirib, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranan acı problemlərdən danışıb.
O bildirib ki, Dağlıq Qrabağda yaşayan erməni icması Azərbaycan dövlətinin yurisdiksiyası daxilində Azərbaycan konstitusiyası və qanunları, tərəf olduğu beynəlxalq müqavilələr çərçivəsində digər vətəndaşlarımız kimi bütün haqq və hüquqlardan faydalana bilərlər.
Sevinc Fətəliyeva çıxışında bildirib ki, "Məlumdur ki, hər bir dövlətin sabit mütərəqqi inkişafı üçün bir sıra vacib şərtlər mövcud olmalıdır. Sülh və əmin-amanlıq, suveren hüquqların və konstitusion normaları ölkə daxilində təbliği və yerinə yetirilməsi əsas şərtlərdəndir. Çox təəssüf ki, Ermənistanla münaqişəyə görə, artıq 20 ildir ki, torpaqlarımızın 20 faizi bu ölkənin silahlı qüvvələrinin işğalı altındadır, bir milyondan qaçqın və məcburi köçkün yer və yurdlarından didərgin düşərək, daimi yaşayış yerlərinə qayıtmaq imkanından məhrumdur. 20 ildir ki bu şəraitə baxmayaraq, ölkəmizdə siyasi və vətəndaş institutları, mədəniyyətimiz və iqtisadiyyatımız inkişaf edir. İkinci Dünya müharibəsindən sonra insan haqları, demokratiya, fikir azadlığı kimi prinsiplər beynəlxalq münasibətlər sistemində ön plana çıxmış, XXI əsrdə isə tamamilə yenə bir mərhələyə qədəm qoyub. Əlbəttə bütün insanlıq demokratiyanın ümumbəşəri dəyərlərindən faydalanmalıdır".


İlahə Vəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə