Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib

Bu gün Bakıda Rusiya baş nazirinin müavini və prezidentin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan-Rusiya biznes-forumu keçirilib. SİA-nın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilən tədbirdə kənd təsərrüfatı və qida sənayesi, energetika, tikinti, konsaltinq, maşınqayırma və digər sektorları təmsil edən Azərbaycan və Rusiyanın 200-ə yaxın iş adamı iştirak edib.


Tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən islahatlar və qazanılmış uğurlar barədə məlumat verib. O qeyd edib ki, son 7 il ərzində Azərbaycanda ÜDM 3 dəfə, o cümlədən qeyri-neft sektorunun ÜDM-də payı 2 dəfə, neft sektoru 5 dəfə, iqtisadiyyata yatırılan investisiyaların həcmi 3 dəfə artıb: "Müstəqilliyin bərpasından indiyədək Azərbaycan iqtisadiyyatına 100 mlrd. dollar investisiya yatırılıb. Cənubi Qafqaz iqtisadiyyatında Azərbaycanın payı 70%-dən çoxdur".


Azərbaycan-Rusiya əlaqələrindən danışan nazir bildirib ki, indiyədək iki ölkə arasında iqtisadi sahədə 100 saziş imzalanıb, hökumətlərarası komissiyanın 13 iclası keçirilib, hüquqi-normativ bazanın genişləndirilməsinə və regionlar arasında əlaqələrin qurulmasına başlanılıb: "Qarşılıqlı investisiyaların təşviqi və himayəsi istiqamətində işlər sürətləndirilir və bugünkü tədbir də buna təkan verəcək".

Ş.Mustafayev qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 2 mlrd. dollar olub ki, bu da 2009-cu ilə nisbətən 5,7% çoxdur. Bu ilin 8 ayı ərzində isə ticarət dövriyyəsi 60% artaraq 2 mlrd. dollara çatıb: "Son 3 il ərzində Azərbaycanda Rusiya kapitallı 139 müəssisə yaradılıb, iqtisadiyyata 4 mln. dollar vəsait yatırılıb. Bu qarşılıqlıdır".

A.Xloponin iki ölkə arasında mövcud iqtisadi əlaqələr, Şimali Qafqazda qəbul olunmuş dövlət proqramları, əməkdaşlıq və investisiya imkanları barədə məlumat verib. O, işgüzar görüşlərin əhəmiyyətini vurğulayaraq iş adamlarını əlaqələri daha da genişləndirməyə, investisiya layihələrində birgə iştiraka dəvət edib.


Rusiyanın regional inkişaf nazirinin müavini Sergey Vereşşagin Şimali Qafqazda 4 qış xizək kurortu inşa olunduğunu bildirib. Onların ümumi dəyəri 450 mlrd. rubl (təxminən 15 mlrd. dollar) təşkil edəcək. Bu layihələrdə iştirak edən investorlara vergi güzəştlərinin tətbiq olunacağını deyən nazir müavini Azərbaycan investorlarını fəal əməkdaşlığa dəvət edib.


Tədbir çərçivəsində iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib.


İlahə Vəliyeva


Bütün xəbərlər Facebook səhifəmizdə