Ölkədəki tıxac problemi nə zaman öz həllini tapacaq?-REPORTAJ
Paytaxtın bəzi küçələrində tıxac problemi hələ də öz həllini tapmayıb. Hər gün işdən evə tələsən, hansısa ünvana getməyə çalışan minlərlə paytaxt sakini tıxac problemi üzündən yolda saatlarını itirir, əsəb gərginliyi keçirirlər. Şəhərin körpü tikilən bəzi ərazilərində tıxac problemi həll olunsa da bir çox küçələrdə məsələ əvvəlki kimi qalmaqdadır.
Məsələn, 3-cü mikrorayon dairəsində yerləşən bazarın qarşısından yaranan tıxac pik saatlarında avtomobillər üçün keçilməz səddlər yaradır. Ziya Bünyadov prospektilə Əbdül Vahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində (Xutor dairəsi) müxtəlif səviyyəli yol qovşağının tikilməsi həmin ərzilərdə böyük tıxacların yaranmasına səbəb olur.
Hazırda 3-cü mikrorayon bazarının qarşısında Tağızadə küçəsində yeraltı keçid tikilir. Tıxacın daha çox olduğu Salamzadə küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində üçtərəfli yolayrıçının tikintisinə də hazırlıq işləri aparılır. Bununla belə, Rəcəbli küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində də belə bir yolayrıcı inşa olunacaq. Nəcəf Nəcəfov küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində isə yeni tunel tikintisi planlaşdırılır.
Körpü-bina-tikinti Məhdud Məsuliyyətli Cəmiyyətin sahə rəisi Mahir Göyüşov bildirib ki, hazırda tunelin istina divarları və körpünün divarlarının suvaqları vurulub, dayaqların hazırlanma prosesləri gedir: "Alı Mustafayev küçəsindən Ziya Bünyadov prospekti istiqamətində tunelin suvaqları tamamilə vurulmuş vəziyyətdədir. Burada 3 tunel, 1 körpünün tikintisi nəzərdə tutulub. Tunelin istiqaməti Alı Mustafayev küçəsində Ziya Bünyadov prospekti istiqamətində 1 ədəd tunel, Salamzadə küçəsindən həmin tunelə daxil olan bir tunel, digəri isə Karl Marks istiqamətindən gələn yolda yan yoldan girən bu tunellərin altından keçib, Salamzadə küçəsinə çıxacaq. Körpü isə Salamzadə küçəsindən başlayaraq "Yeganə" restoranı istiqamətində Rəşid Məmmədov küçəsi istiqamətinə gedəcək. Körpü gediş və gəliş olmaqla iki istiqamətdən ibarətdir. Alı Mustafayev küçəsindən gələn tunel də gediş-gəliş olmaqla 4 zolaqdan ibarətdir. Yan yollardan Salamzadə küçəsindən gələn tunel isə iki zolaqdan ibarətdir. Bu tunellərin suvay qazılması işləri görülür. Körpünün dayaqları hazırlanır, dayaqların suvayları vurulur, hazırda onun dayaq gövdələri hazırlanır. Ancaq bu işlərin tam olaraq görülməsində bir çox maneələr var. Burada 35 min kilovattdan ibarət elektrik xətləri var. Bunu əlaqədar təşkilatlar hələ ki köçürülmur. Qaz, su, kanalizasiya sistemlərinin köçürülməsi işləri gedir. Bu işlərin görülməsi tikintini bir az ləngidir. Əlaqədar təşkilatlardan xahişimiz budur ki, yüksək gərginlikli elektrik işlərini başa çatdırsınlar. Qazıntı işləri kommunikasiya, elektrik, su, qaz, telefon-rabitə qovşaqları köçürüldükdən sonra həyata keçiriləcək. Bütün bu işlər 2 il ərzində tam olaraq başa çatdırılmalıdır. Biz də çalışırıq ki, 2013-cü ilin sonuna kimi işlər başa çatdırılsın. Yol qovşağı tam başa çatandan sonra tıxac problemi tamamilə aradan qaldırılacaq. 3 ədəd tunel və 1 körpünün tikilməsi nəticəsində insanlar rahat şəkildə öz ünvanlarına çatacaqlar. Burada maşınlar həm yan yollardan, həm körpüdən, həm də 3 tuneldən istifadə edə biləcəklər ki, bu da təhlükəsiz yol deməkdir".
Ümumiyyətlə, paytaxt ərazisində yüklənməyə məruz qalan bütün ərazilərdə yenidənqurma işlərinə ehtiyac var. İnanırıq ki, şəhər də müxtəlif tunel və körpülərin tikilməsi yollardakı tıxacların nisbətən də olsa aradan qaldırılmasına səbəb olacaq. Ən azından unutmayaq ki, bu tıxaclar vaxt itgisi və insanların əsəb pozulmalarına səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB